Yoxlamanın nəticəsi hər gün eyni olur: Həmin maşınlar Sumqayıta buraxılmır
Sumqayıtda çörək daşınması və bişirilməsi işi ilə məşğul olan şəxslərin adına göndərilən müraciətdə iddia edilir ki, “çörək Tofiq” kimi tanınan, çörək zavodunun sahibi, Milli Məclisin sabiq deputatı Tofiq Hüseynov şəhərdə çörək satışını inhisara alıb. İddiaya görə, icra başçısı Zakir Fərəcov da Tofiq Hüseynovun Sumqayıta başqa yerdən çörək gətirilməsinin qarşısını almasına göz yumur. Sumqayıtda çörək işi ilə nəşğul olan kiçik sahibkarlar iddia edir ki, hər gün səhər saatlarında “Çörək Tofiq”in göstərişilə Sumqayıtın Gigiyena və Epidemiologiya şöbəsi şəhərin giriş-çıxışında post quraraq Bakıdan gələn çörək maşınlarını “yoxlayır”: “Yoxlamanın nəticəsi hər gün eyni olur: Həmin maşınlar Sumqayıta buraxılmır. Bundan başqa “Çörək Tofiq” Sumqayıtda özəl çörək sexlərinin fəaliyyətinə də maneçilik göstərir. Bununla da Sumqayıtda çörək satışını yalnız özü həyata keçirir. Halbuki, Tofiq Hüseynova məxsus zavodda bişirilən çörək digər sexlərdə bişirilən çörəklərdən qiymətinə görə həm çəkisi azdır, həm də keyfiyyətcə aşağıdır”. Sakinlər məsələ ilə bağlı dəfələrlə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova şikayət etdiklərini deyirlər: “Çox təəssüf ki, hələ də Tofiq Hüseynovun əməllərinə “dur” deyən yoxdur”. Problemin hələ də həll olunmamasını görən vətəndaşlar Tofiq Hüseynovun əməllərilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edəcəklər. (“Ölkə.Az")