Dünyada böyüklərin təxminən 2%-i alkoqolsuz qaraciyər xəstəliyinin inkişaf etmiş forması olan alkoqolsuz steatohepatitdən (qaraciyər piylənməsindən) əziyyət çəkir. Bu, qaraciyərdə yağ yığılıb iltihaba və çapıqlara səbəb olduqda baş verir.

Foodinfo.az xəbər verir ki, müalicə olunmazsa, steatohepatit qaraciyər sirrozuna çevrilə bilər, həmçinin digər ciddi xəstəliklərin (məsələn, ürək-damar xəstəliklərinin) riskini artırır.

Hazırda steatohepatitin dərmanı yoxdur. Bu xəstəliyin əsas müalicə metodu arıqlamaqdır.

“Obesity” jurnalında dərc olunmuş son araşdırma göstərir ki, "şorba və kokteyllər" pəhrizi ilə sürətli çəki itkisi steatohepatitin şiddətini azaltmağa kömək edir. Adətən bu pəhriz 2-ci tip şəkərli diabetin və piylənmənin müalicəsi üçün təyin edilir.

Yeni araşdırmada 16 nəfər (5 qadın və 11 kişi) iştirak edib. Onların hamısı piylənmədən, orta və ya ağır çapıqlı steatohepatitdən əziyyət çəkirdilər.

Bütün iştirakçılar adi yemək zamanı xüsusi hazırlanmış şorba, kokteyl və batonlardan istifadə etməyə başladılar. Təcrübə 12 həftə davam edib. Hər gün insanlar ümumilikdə təxminən 880 kkal təşkil edən, bütün lazımi vitamin və minerallarla zəngin olan 4 istənilən qidanı seçiblər.

12 həftədən sonra tədqiqat iştirakçıları tədricən adi qidaları yenidən öz rasionlarına qaytarmağa başlayıblar. Bu mərhələ də 12 həftə davam edib. 24 həftəlik sınaq müddətinin sonuna qədər 14 nəfər gəlib. Orta hesabla, onların çəkisi 15% azalıb.

Tədqiqat sürətli arıqlamağın iştirakçılar üçün təhlükəsiz olduğunu göstərib. Qəbizlik ən çox görülən yan təsir olub, lakin yüngül formada keçib və müvəqqəti olub. 

Həmçinin, məlum olub ki, insanların əksəriyyətində qaraciyər piylənməsi, iltihabı və çapıqları əhəmiyyətli dərəcədə azalıb.

Tədqiqatdan sonra 2-ci tip şəkərli diabet və hipertoniya xəstələrində də sistolik qan təzyiqi və hemoqlobin A1C göstəriciləri xeyli yaxşılaşıb.

Nərmin