Hazırda ləzzətli qarpız pəhrizi ilə arıqlamağın tam vaxtıdır.
Foodinfo.az xəbər verir ki, həkimlər bu pəhrizlə cəmi bir neçə həftə ərzində 10 kiloqram artıq çəkidən qurtulmaq olduğunu deyirlər.
Bu həqiqətən də mümkündür, lakin nəzərə almaq lazımdır ki, ciddi qarpız pəhrizini 3 gündən artıq saxlamaq olmaz. Bu müddət ərzində isə 10 kilo atmaq alınmayacaq. Bu qədər sürətli çəki itkisi orqanizm üçün təhlükəlidir. Lakin günə hətta 700-800 qram da getsə, yaxşıdır.
Kimlərə olmaz?
İlk öncə əks göstərişlər haqqında danışaq. Diabet xəstələri bu üsulla arıqlaya bilməz: qarpız şirin giləmeyvədir, tərkibində çoxlu şəkər var.
Böyrəkləri və sidik kisəsi ilə bağlı problemləri olanlar da bu giləmeyvədən çox yeməməlidirlər. Çünki qarpız sidikqovucu effektə malikdir. Pəhriz zamanı böyrəklər tam gücü ilə işləməyə başlayır. Böyrəklərdə daşların olması ehtimalı varsa, qarpız pəhrizi təhlükəli ola bilər: daşlar bədəndən çıxan mayenin güclü təzyiqi altında hərəkət edəcək.
Mədə və bağırsaq problemi olanlar üçün də bu pəhriz (bir çox digər pəhrizlər kimi) uyğun deyil.
Bir sözlə, hər hansı bir pəhriz saxlamazdan əvvəl olduğu kimi, qarpız pəhrizindən öncə də həkimlə məsləhətləşmək yaxşıdır.
İndi isə qarpız pəhrizinin növlərinə keçək.
Birinci variant - sərt
Heç bir halda, belə bir pəhriz 3 gündən çox tətbiq edilməməlidir. Bu pəhriz zamanı gün ərzində yalnız qarpız yeyilməlidir: 10 kq bədən çəkisi üçün 1 kq qarpız içi nisbətində. Yemək qəbulunun sayı məhdud deyil. Hətta gecə vaxtı da yeyə bilərsiniz!
Belə ciddi pəhrizdən sonra dərhal adi pəhrizinizə qayıda bilməzsiniz, pəhrizdən tədricən çıxmalı olacaqsınız. İlk günlərdə az yağlı süd və turş süd məhsulları yeyə, sıyıq hazırlaya, balıq və toyuğu buxarda bişirə bilərsiniz. Şirniyyatlar, alkoqol, yağlı, qızardılmış qidalar rasiondan çıxarılmalıdır.
Gündə 1,5 litrdən az olmamaqla, yalnız təmiz, qazsız su içə bilərsiniz.
İkinci variant - mülayim
Hər yeməkdə qarpıza 2 dilim çovdar çörəyi əlavə edin. Belə bir pəhrizi daha uzun müddət - 5-7 gün saxlaya bilərsiniz. Birinci halda olduğu kimi, bu halda da şirniyyat, yağ və diyetik olmayan digər qidalara diqqət edərək, pəhrizdən tədricən çıxmalı olacaqsınız.
Üçüncü variant - rasionu məhdudlaşdırmaq
İki həftə davam edən bu pəhriz ilk ikisindən daha yumşaqdır. Çünki 14-15 gün yalnız qarpızla qidalanmaq bir çox problemlərə səbəb ola bilər, buna görə də rasion zülal, digər karbohidratlar və hətta yağlarla zənginləndirilir.
Gündə 5-6 dəfə, hər dəfəsində də 500-800 qr qarpız yeyilməlidir. Qarpızdan əlavə, bunları yeyə bilərsiniz: bir pors şəkərsiz yulaf sıyığı, təzə tərəvəzlərdən hazırlanan duzsuz və yağsız salat (150 q), bir dilim pendir, 150-200 q qaynadılmış toyuq (balıq) və ya bir stəkan qatıq. Lakin şam yeməyinə yalnız qarpız yeyilməlidir.
Bundan əlavə, çox su içmək lazımdır - bu, yağların parçalanması nəticəsində yaranan toksinlərin bədəndən xaric olmasını asanlaşdıracaq. Çay, qəhvə və qazlı içkilər qadağandır, yalnız su və ya yaşıl çay içə bilərsiniz.