Düzgün seçildiyi halda çörək sağlam qidalanmanın tərkib hissəsi ola bilər. Foodinfo.az aif.ru-ya istinadla xəbər verir ki, diyetoloq və qidalanma üzrə mütəxəssis Sofiya Kovanova fiquraya zərər vermədən istehlak edilə bilən çörək növlərini açıqlayıb.
Mütəxəssisin sözlərinə görə, gündəlik qidalanmada üstünlük tam dənədən hazırlanan çörəklərə verilməlidir. O bildirib ki, ən faydalı çörəklər çovdar çörəyi, mayasız çörək və tam dənəli çörək hesab olunur. Bu növlərin əsas üstünlüyü ondan ibarətdir ki, tərkibində üyüdülməmiş dənə istifadə olunur.
Kovanova qeyd edib ki, tam dənəli çörəklərdə qida lifləri daha çoxdur və bu da uzun müddət toxluq hissinin qalmasına kömək edir. Nəticədə insan daha az yeməyə meyilli olur və çəkinin nəzarətdə saxlanması asanlaşır. Qida lifləri eyni zamanda həzm sisteminin fəaliyyətini yaxşılaşdırır və bağırsaqların sağlam işləməsinə dəstək verir.
Diyetoloqun sözlərinə görə, çovdar çörəyi qan şəkərinin səviyyəsini kəskin yüksəltmir və bu xüsusiyyəti ilə artıq çəkiyə meyilli şəxslər üçün daha uyğundur. Mayasız çörək isə şişkinlik və həzm narahatlıqlarına səbəb olmadan rahat mənimsənilir.
Mütəxəssis bununla yanaşı, ağ çörəyi və şirin xəmirdən hazırlanan məmulatları ən az faydalı çörək növləri sırasına aid edib. Onun fikrincə, bu məhsullar tez həzm olunur, qısa müddətdə aclıq hissi yaradır və artıq çəkinin artmasına səbəb ola bilər.
Sofiya Kovanova vurğulayıb ki, çörəkdən tam imtina etmək əvəzinə, düzgün növü seçmək və miqdarına diqqət yetirmək həm sağlamlığın qorunmasına, həm də fiquranın saxlanmasına kömək edir.






