Qış aylarında düzgün seçilmiş çay təkcə bədəni isitməyə deyil, eyni zamanda sağlamlığın qorunmasına da kömək edir. Foodinfo.az URA.RU-ya istinadla xəbər verir ki, qastroenteroloq və “Hemotest” laboratoriyasının mütəxəssisi Yekaterina Kaşux soyuq havalarda hansı çayların daha faydalı olduğunu və hansılarından çəkinməyin vacibliyini açıqlayıb.

Mütəxəssisin sözlərinə görə, şaxtalı günlərdə orqanizmi isidən və ümumi müqaviməti gücləndirən əsas içkilər zəncəfilli, meyvəli və yaşıl çaylardır. O bildirib ki, zəncəfilli çay bədəndə güclü istilik hissi yaradır və ona əlavə edilən darçın, mixək və hil kimi ədviyyatlar bu təsiri daha da artırır. Bu maddələr reseptorları oyadaraq qan dövranını sürətləndirir və soyuğa qarşı dözümlülüyü artırır.

Bununla yanaşı, Kaşux qeyd edib ki, mədə xorası, mədəaltı vəzi iltihabı və ya ishal kəskinləşdiyi dövrlərdə zəncəfilli çaydan müvəqqəti imtina etmək daha məqsədəuyğundur. Onun sözlərinə görə, bu hallarda zəncəfil mədəni qıcıqlandıra bilər.

Qastroenteroloq meyvəli çayların da qış mövsümündə xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. İtburnu və çaytikanı əsasında hazırlanan çaylar vitaminlərlə, antioksidantlarla və bioloji fəal maddələrlə zəngin olur. Bu isə soyuqdəymə və mövsümi xəstəliklərin qarşısının alınmasında mühüm rol oynayır.

Mütəxəssis əlavə edib ki, yaşıl çay maddələr mübadiləsini dəstəkləyir və tərkibindəki antioksidantlar sayəsində bədəndə yüngül, lakin davamlı istilik hissi yaradır. Həmçinin nanə, çobanyastığı, cökə və limonotu kimi bitkilərdən ibarət bitki çayları da yumşaq isidici təsir göstərir və həzm sisteminə müsbət təsir edir.

Yekaterina Kaşuxun sözlərinə görə, gündəlik optimal norma üç-dörd fincan, yəni təxminən 600–700 millilitr düzgün dəmlənmiş çaydır. O vurğulayıb ki, çayın miqdarına və tərkibinə diqqət yetirmək qış aylarında həm ümumi sağlamlığın qorunmasına, həm də orqanizmin soyuğa qarşı davamlılığının artırılmasına kömək edir.