Hər kəs istirahətsiz işlədikdə gücsüzlük hiss edir və bəzən sanki beyni işləmək istəmir. Lakin qəlyanaltıların köməyi ilə beynin daha yaxşı işləməsini təmin etmək olar.
Foodinfo.az xəbər verir ki, "Grow Food"un diyetoloqu Yelena Sviridova beyni daha sürətli işlədən qidaların siyahısını açıqlayıb.
Birinci yerdə qızılbalıq və pendirlə hazırlana sendviçlərdir. Tərkibindəki mürəkkəb karbohidratlar sayəsində belə doyumlu qəlyanaltı neyronların işinə müsbət təsir göstərəcək.
"Qırmızı balıqda bədən üçün lazım olan yağlar var ki, bu da gün ərzində özünüzü gümrah hiss etməyinizə kömək edəcək. Həmçinin, bu yemək yayadək bir neçə kilo arıqlamaq və bədəni düzənə salmaq istəyənlər üçün idealdır”, - deyə həkim izah edib.
Başqa bir faydalı qəlyanaltı quru meyvəli kəsmikdir. Bu yeməyin tərkibində çoxlu miqdarda kalsium, A, B və E vitaminləri var ki, bu da gün ərzində yaxşı görünməyə kömək etməklə yanaşı, beynin iki dəfə daha sürətli işləməsini təmin edir.
"Kəsmikdə beynin fəaliyyətinə və aktivliyinə cavabdeh olan vitamin B12 var. Quru meyvələr isə orqanizminizdə hemoglobinin artmasına kömək edəcək. Beləliklə, siz gün ərzində yuxusuzluq və yorğunluq hiss etməyəcəksiniz", - deyə Sviridova bildirib.
Üçüncü faydalı qida həm də çox ləzzətlidir: şokoladlı-bananlı smuzi. Bu tez hazırlanan və qidalı qəlyanaltıda əsas komponent acı şokoladdır. Onun tərkibində təxminən 70% kakao var ki, bu da beyində qan dövranını yaxşılaşdırır. Alimlər, həmçinin, aşkar ediblər ki, tünd şokolad yaddaşı, təmərküzləşməni yaxşılaşdırır və məsələləri daha tez həll etməyə kömək edir. Bananın tərkibində isə çoxlu maqnezium var və sinir sistemini stabilləşdirməyə yardım edir. Buna görə də, işdə və ya məktəbdə stress keçirirsinizsə, belə bir qəlyanaltıya ehtiyacınız var.
Qaragiləli yoqurt da beyin işlətməki üçün yaxşıdır. Qaragilə ekstraktı qan dövranını sürətləndirir, qısamüddətli yaddaşı yaxşılaşdırır, həmçinin bədənə güc və enerji verir. Yoqurt immun sistemini gücləndirməyə və maddələr mübadiləsini yaxşılaşdırmağa kömək edəcək.
"Gündə bir və ya iki qab qaragiləli yoqurt içmək vərdişini həyatınıza daxil etməyə çalışın. Bu halda içki orqanizminizə çox böyük fayda gətirməklə yanaşı, həm də yayın istisində təravətləndirə biləcək. Qaragiləli yoqurtu evdə də hazırlaya bilərsiniz. Bunun üçün adi yoqurta qaragiləni qatıb blender ilə qarışdıra bilərsiniz", - deyə Sviridova tövsiyə edib.
Yayda ən faydalı qəlyanaltılardan biri meyvə salatı ola bilər. Çox miqdarda vitaminlər və faydalı maddələr bədənə stressin öhdəsindən gəlməyə, enerji və motivasiya əldə etməyə, həmçinin əhval-ruhiyyəni yaxşılaşdırmağa kömək edəcək. Meyvələrin tərkibində insan həyatı üçün vacib komponentlər mövcuddur. Alimlər müəyyən ediblər ki, məsələn, portağal və banan sağlam yuxu üçün zəruri olan melatonin ifrazına kömək edir.
Nurlan