
Foodinfo.az medicina.az-a istinadla xəbər verir ki, bu barədə həkim-fitoterapevt Fizuli Hüseynov məlumat verib.
Həkim qeyd edib ki, üzümün tərkibində çox miqdarda A, B1, B2, B6, C vitaminləri, fol turşusu və s. vardır. O, böyrəklərin işini sürətləndirir, bədənimizdəki lazımsız maddələri (şlakları) böyrəklər vasitəsilə təmizləyir.
"Payızda bol-bol üzüm yeyənlər qışda bronxitə tutulmur. Üzüm həm də immun sistemini gücləndirir, bununla da bədənimizi sanki qış xəstəliklərindən qoruyur", - deyə F.Hüseynov bildirib.
Fitoterapevtin sözlərinə görə, üzümün tərkibində olan kalium ürək əzələsini və bütün bədən əzələlərini gücləndirir. Üzüm E vitaminindən 50 dəfə, C vitaminindən isə 20 dəfə güclü antioksidantdır. Deməli, üzüm xərçəngin ən yaxşı profilaktikasıdır: "Üzümü yeyəndə tumu və qabığı ilə birgə yeyin".
Mədədə, qida borusunda, bağırsaqlarda səpgi, eroziya, turşuluğun artması, qəbizlik kimi hallar varsa, səhər yeməyindən 1 saat əvvəl 1 salxım, yəni təqribən 200-300 qram şirin üzüm yeyin. Nəticə almaq üçün üzümü ən azı 15-20 gün yemək lazımdır.