Hazırda bazarlarda satışa çıxarılan istixana şəraitində yetişdirilmiş çiyələyi alarkən diqqətli olmaq lazımdır.
Foodinfo.az-ın xəbərinə görə, mütəxəssislər bildirirlər ki, çiyələk həm uşaqlar, həm də böyüklər tərəfindən sevilərək yeyilən giləmeyvələrdən biridir. Bol miqdarda dəmir və fosfora malik olan çiyələyin tərkibi A, B, C və K vitaminləri baxımından da olduqca zəngindir. Bu giləmeyvə növü güclü antioksidant xüsusiyyətə malikdir və immuniteti gücləndirir. Lakin çiyələyin faydaları ilə yanaşı, düzgün istehlak edilmədikdə onun insan orqanizminə zərərli təsirləri də olur. Belə ki, doğru şəraitdə saxlanılmayan çiyələyin yeyilməsi insan sağlamlığı üçün təhlükə yarada, hətta qida zəhərlənmələrinə də yol aça bilər. Belə zəhərlənmələrin qarşısını almaq üçün aşağıda sadalananları nəzərə almaq lazımdır:
- Çiyələyin mövsümündə yeyilməsinə diqqət edilməlidir. Çünki mövsümündən əvvəl istixana şəraitində meyvələrin yetişdirilməsində insan orqanizminə mənfi təsir edən kimyəvi maddələrdən istifadə oluna bilir.
- Çiyələk yeyilməzdən əvvəl mütləq yaxşıca yuyulmalıdır.
- Çiyələyin saplağı giləmeyvədən ayrılmalıdır.
- Əgər çiyələkdən turş qoxu gəlirsə və dili qıcıqlandırırsa, belə məhsul yeyilmədən atılmalıdır.
- İsti havada çiyələk daha tez xarab olduğu üçün bu məhsul mütləq soyuducuda saxlanılmalıdır. İstehlakçı çiyələyin düzgün qaydada saxlanılmasından əmin olduqdan sonra onu yeməlidir.
- Çiyələk alarkən qırmızı rəngli və kiçik ölçülü meyvələrə üstünlük verilməlidir.
- Antisanitar şəraitdə satılan çiyələklərdən istifadə təhlükəlidir.
Qeyd edək ki, çiyələyə qarşı allergiyası olanlar üçün onun süd məhsulları ilə birgə istehlakı tövsiyə edilir.