Duzun həddindən artıq istifadəsinin sağlamlığa mənfi təsiri çoxdan məlumdur. Mütəxəssislər bildirirlər ki, duz istehlakını azaltmaq insanın ümumi sağlamlığına müsbət təsir göstərə və bir sıra xəstəliklərin riskini azalda bilər.

Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, mütəxəssislərin fikrincə, böyüklər üçün duzun gündəlik fizioloji norması təxminən 5 qramdır, yəni bir çay qaşığı qədər. Bu miqdar orqanizmdə su-duz balansının qorunmasına, sinir impulslarının ötürülməsinə və əzələlərin normal fəaliyyətinə kömək edir. Lakin statistikaya görə, insanlar bu normanı çox vaxt xeyli üstələyirlər ki, bu da arterial hipertenziya, ürək-damar xəstəlikləri, böyrək və oynaq problemləri riskini artırır.

Mütəxəssislər duz istehlakını azaltmaq üçün bir neçə sadə üsul tövsiyə edirlər. Belə ki, yeməyə duzu bişirmə zamanı deyil, daha çox süfrəyə təqdim edilməzdən əvvəl əlavə etmək daha məqsədəuyğundur. Həmçinin duz qabını süfrədən uzaqlaşdırmaq, duzlu qəlyanaltılardan və hazır məhsullardan – məsələn, çips, duzlu qoz-fındıq, hazır şorba və əriştələrdən – mümkün qədər uzaq durmaq məsləhət görülür.

Bundan əlavə, konservləşdirilmiş tərəvəzləri duzlu sudan yumaq, adi duz əvəzinə yodlaşdırılmış və ya natrium miqdarı azaldılmış duzdan istifadə etmək tövsiyə olunur. Yeməklərin dadını artırmaq üçün isə şüyüd, cəfəri, yaşıl soğan, kərəviz, reyhan və kəklikotu kimi ədviyyəli göyərtilərdən istifadə etmək faydalı hesab edilir. Mütəxəssislər həmçinin kaliumla zəngin olan kartof, banan və ispanaq kimi məhsulların rasiona əlavə edilməsinin artıq duzun orqanizmdən çıxarılmasına kömək etdiyini bildirirlər.