Mayonez bir çox yeməklərin dadını artıran və mətbəxdə geniş istifadə olunan souslardan biridir. Bir çox evdar qadın bu sousu ev şəraitində hazırlamağa çalışsa da, bəzən istənilən nəticəni əldə etmək çətin olur. Foodinfo.az Hola nəşrinə istinadla bildirir ki, məşhur ispan şef-aşpazı Jordi Cruz ev mayonezinin alınmasının əsas sirrini açıqlayıb.

Aşpazın sözlərinə görə, klassik mayonez reseptində istifadə olunan məhsullar demək olar ki, dəyişmir. Bu sousun hazırlanması üçün əsasən bir ədəd toyuq yumurtası, təxminən 200 millilitr bitki yağı (günəbaxan və ya zeytun yağı), bir qədər duz və limon şirəsi və ya sirkə istifadə edilir. Lakin eyni məhsullardan istifadə olunsa da, mayonezin bəzən duru qalmasının səbəbi inqrediyentlərin əlavə olunma ardıcıllığı ilə bağlıdır.

Mütəxəssisin sözlərinə görə, əvvəlcə blender qabının tam təmiz və quru olduğuna əmin olmaq lazımdır. Daha sonra qabın içinə yumurta, duz və limon şirəsi əlavə edilir. Bundan sonra bitki yağı çox ehtiyatla qabın divarı boyunca tökülməlidir ki, yağ dərhal digər inqrediyentlərlə qarışmasın.

Blender istifadə edərkən onun ucu qabın dibinə qədər endirilməlidir. Qarışdırma prosesinə aşağı və ya orta sürətdə başlamaq tövsiyə olunur. Əvvəlcə qarışığın alt hissəsi ağarmağa və qatılaşmağa başlayır. Bundan sonra blenderi yavaş-yavaş yuxarı qaldırmaq lazımdır. Kəskin hərəkətlər sousun lay-lay ayrılmasına səbəb ola bilər.

Şef-aşpaz həmçinin qeyd edir ki, mayonezin yaxşı alınması üçün yumurta otaq temperaturunda olmalıdır. Bunun üçün onu istifadə etməzdən əvvəl təxminən 15–20 dəqiqə otaq şəraitində saxlamaq məsləhət görülür. Bundan başqa, qarışdırma zamanı blenderi tez-tez hərəkət etdirməmək də vacib sayılır.

Əgər hazırlanmış mayonez duru alınarsa, vəziyyəti düzəltmək mümkündür. Bunun üçün qarışığa əlavə olaraq bir yumurta və bir qədər su əlavə edərək yenidən çalmaq məsləhət görülür. Bu üsul sousun konsistensiyasını bərpa etməyə kömək edə bilər.

Kulinariya mütəxəssislərinin fikrincə, düzgün texnika və inqrediyentlərin uyğun temperaturda istifadə edilməsi ev şəraitində də restoran keyfiyyətində mayonez hazırlamağa imkan verir.