Çox vaxt kütləvi zəhərlənmələr məhz yayda baş verir. Bunun qarşısını almaq üçün bəzi iaşə obyektlərində, o cümlədən dönər və şaurma satılan yerlərdə yeməkdən imtina etmək daha yaxşıdır.
Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq Yelena Solomatina “Komsomolskaya Pravda” radiosuna müsahibəsində danışıb.
"İstidə şaurma, mayonezlə hazırlanmış müxtəlif salatlar, balıq yeməkləri kimi qidalardan imtina etmək lazımdır. Tərəvəz və meyvələri də unutmaq olmaz: hətta zahirən zərərsiz görünən belə məhsullarda da yüksək temperaturda çürümə prosesi başlaya bilər", - deyə həkim xəbərdarlıq edib.
Onun sözlərinə görə, adətən soyuducuların düzgün işləməsinə və onlarda saxlanılan məhsulların təzəliyinə nəzarət olunmayan ictimai iaşə obyektlərindən yan keçməyə dəyər. Solomatina, həmçinin, orada süfrəyə kəsilmiş halda gətirilən meyvə və giləmeyvələri belə dadmamağı tövsiyə edib, çünki bıçağın istifadə etməzdən əvvəl yuyulub-yuyulmadığı məlum deyil.
Daha öncə isə qastroenteroloq Yekaterina Kaşux mövsümü olmayan zaman yemiş almamağı məsləhət görüb. Yetişməmiş meyvə həzm sisteminin pozulmasına və zəhərlənməyə səbəb ola bilər.
Natəvan