Bildiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilməsi ilə bağlı fərman imzalayıb. Fərmana əsasən Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilib. Avtosfer.az-a açıqlama verən hüquqşünas Ərşad Hüseynov bildirib ki, komendat saatını pozan şəxslər cərimə və hətta həbs oluna bilərlər. Hüquşünas qeyd edib ki, komendant saatının tələbini pozan, yəni: Xüsusi icazə vərəqəsi və (və ya) şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmağa görə - xəbərdarlıq edilir və ya əlli manat məbləğində cərimə edilir. Nəqliyyat vasitələrinin hərəkətinə qoyulmuş məhdudiyyətin pozulmasına görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Yığıncaqlar, mitinqlər, küçə yürüşləri, nümayişlər və piketlərin, habelə digər kütləvi tədbirlərin keçirilməsi ilə bağlı qoyulmuş qadağa və ya məhdudiyyətə əməl olunmamasına görə- fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla otuz günədək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. O cümlədən hərbi vəziyyətin elan olunduğu ərazidə (ərazilərdə) tətbiq edilmiş xüsusi giriş-çıxış rejiminin, habelə yaşayış və ya olduğu yeri seçmək hüququna qoyulmuş məhdudiyyətin pozulmasına görə - yüz manat məbləğində cərimə edilir. Şəxslərin xüsusi icazə vərəqələrinin və şəxsiyyətini təsdiq edən sənədlərinin yoxlanılmasına, qanunda nəzərdə tutulmuş əsaslarla onların şəxsi əşyalarına, mənzillərinə və nəqliyyat vasitələrinə baxış keçirilməsinə maneçilik törədilməsinə görə - fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində cərimə edilir.   Hərbi vəziyyət rejimini pozmaqda şübhə edilən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlara məxsus bina və otaqların, nəqliyyat vasitələrinin yoxlanılmasına maneçilik törədilməsinə görə - fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.   Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, idarə, müəssisə və təşkilatların keçirildiyi xüsusi iş rejiminə əməl olunmamasına görə - vəzifəli şəxslər üç yüz əlli manatdan beş yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir.   Hərbi vəziyyət dövründə stasionar və ya müvəqqəti yaşayış yerlərində məskunlaşdırılması şərtilə əhalinin, təsərrüfat və sosial təyinatlı obyektlərin, maddi və mədəni sərvətlərin təhlükəsiz rayonlara təxliyə olunmasına (köçürülməsinə) maneçilik törədilməsinə görə - fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.