Sağlam və balanslı qidalanmaya üstünlük verənlər üçün mərcimək ən dəyərli məhsullardan biri hesab olunur. Foodinfo.az NEWS.ru saytına istinadla xəbər verir ki, məşqçi-nutrisioloq Olqa Yablokova mərciməyin yüksək zülal tərkibinə görə xüsusilə vacib qida olduğunu bildirib.

Mütəxəssisin sözlərinə görə, 100 qram quru mərciməkdə orta hesabla 24–25 qram zülal var. Bu göstərici onu vegetarianlar və heyvani məhsul qəbul etməyən şəxslər üçün əvəzolunmaz edir. Eyni zamanda mərcimək dəmir, maqnezium və kaliumla zəngindir. Dəmir hemoqlobinin normal səviyyədə qalmasına kömək edir, maqnezium sinir sisteminin fəaliyyətində iştirak edir, kalium isə ürək-damar sisteminin sağlamlığı üçün mühüm rol oynayır.

Olqa Yablokova qeyd edir ki, mərcimək lif baxımından da olduqca zəngindir. 100 qram məhsul gündəlik lif tələbatının təxminən 30-60 faizini təmin edə bilər. Tərkibində həm həll olunan, həm də həll olunmayan qida lifləri mövcuddur. Bu liflər həzmi yaxşılaşdırır, xolesterinin azalmasına dəstək verir və qanda şəkərin səviyyəsini nəzarətdə saxlamağa kömək edir.

Mütəxəssisin fikrincə, mərcimək bağırsaq sağlamlığını gücləndirir və uzunmüddətli toxluq hissi yaradır. Bu xüsusiyyətləri ilə o, gündəlik rasionda mühüm yer tuta bilər.