Payız fəsli insanlarda enerji çatışmazlığı və immunitetin düşməsinə səbəb olur, bu da orqanizmi mövsümi soyuqdəymələrə qarşı daha həssas edir.
Foodinfo.az xəbər verir ki, endokrinoloq-diyetoloq Sayina Qoqoleva bu mövsüm sağlamlığı gücləndirməyə kömək edəcək məhsullar barədə danışıb.
"İlk növbədə bu, C vitamini ilə zəngin qidalardır: sitrus meyvələri, gül kələmi, bolqar bibəri, nar, heyva, alma və digər meyvələr. Bildiyiniz kimi, C vitamini immun sisteminin əsas stimulyatoru olmaqla yanaşı, həm də çox təsirli antioksidantdır. Antioksidantlar orqanizmdən sərbəst radikalları çıxarmağa kömək edir, toxumalarda oksidləşdirici stresslə mübarizə aparır və onları oksigenlə zənginləşdirir”, - deyə həkim izah edib.
Diyetoloq əlavə edib ki, yağda həll olunan A, E və K vitaminləri ilə zəngin olan qidalar vacibdir: balqabaq, şalgam, qırmızı balıq və qoz-fındıq. Onların istehlakı immun sisteminin hüceyrələrinin membranlarını gücləndirəcək, bədənin infeksiyaya qarşı müdafiəsini daha yaxşı həyata keçirməyə yardım edəcək.
Bundan əlavə, payız dövründə süd məhsulları, dəniz balıqları, yumurta və göbələklərdə çox miqdarda olan D vitamini köməyinizə çatacaq. O, həmçinin, sümükləri gücləndirməyə və bədənin müdafiəsini artırmağa kömək edir. Qoqoleva qeyd edib ki, insanların əksəriyyəti isti mövsümdə belə, onun çatışmazlığından əziyyət çəkir.
Payızda soğan, sarımsaq və zəncəfil də daxil olmaqla, təbii bakterisid və antiviral təsiri olan məhsullar faydalı olacaq.
Sinir sistemi üçün faydalı olan fol turşusu isə göyərti və kök bitkilərində çoxlu miqdarda olur. Eyni zamanda, göbələklər ən təsirli antioksidantlardan biri olan selenlə zəngindir.