Ürək döyüntüsünün artması, halsızlıq, özünü daim yuxulu hiss etmək, başın hərlənməsi qan azlığından xəbər verən əlamətlərdir. Xəstəlik böyüklərlə yanaşı uşaqlar arasında da geniş yayılıb. Qan azlığının yaranma səbəbləri isə fərqlidir.

Foodinfo.az xəbər verir ki, həkim-hematoloq Mireldar Babayev bu barədə deyib: “Xəstəlik irsi faktorlarla əlaqədardırsa, ömür boyu davam edir. Məsələn, talassemiya xəstəliyi. Təəssüf ki, bu xəstəlik ölkəmizdə geniş yayılıb və onun kökündə qohum nikahı dayanır. Qohum evliliklərindən dünyaya gələn uşaq bəzən xəstə doğulur və onda xəstəliyin ilk əlaməti qan azlığı olur”.

Mütəxəssislərin dediyinə görə, qan artıran ən faydalı qidalardan biri çuğundurdur. Onu həm çiy, həm də bişmiş halda qəbul etmək olar. Eyni zamanda dəmirlə zəngin qidaları da menyuya daxil etmək lazımdır. Portağal, yumurta, qırmızı ət, qaraciyər qan azlığının qarşısını alır.

Qida üzrə ekspert Seymur Qafarov deyib: “Tərkibi dəmirlə zəngin olan qara üzüm çox faydalıdır. Qan azlığından əziyyət çəkənlərin gün ərzində bir ovuc üzüm yeməsi qırmızı qan hüceyrələrinin çoxalmasına və qan azlığının aradan qaldırlmasına kömək edir. Tərəvəzlərdən soğan və ispanağın qəbul olunması da müsbət haldır. Yay aylarında qan azlığının aradan qalxmasına kömək edən ən faydalı tərəvəzlərdən biri də qovundur. Onun tərkibində dəmir və müəyyən miqdarda fosfor qan azlığının qarşısını almağa şərait yaradır”.

Qan azlığı xəstəliyi uşaqlarda vaxtında aşkarlanmadıqda və müalicə olunmadıqda ürək-damar çatışmazlığı, qaraciyər və dalaqda qan ocaqlarının yaranması kimi ciddi fəsadlara səbəb olur. Bunun üçün ilk növbədə uşaqlara 1 yaşına qədər inək südü verilməməlidir. Həmçinin yuxu rejimi də çox vacibdir.