Gündə bir stəkan qaragilədən hazırlanan içki qan təzyiqini aşağı salıb beyin funksiyasını yaxşılaşdıra bilər. Bununla bağlı tədqiqatın nəticəsinə aid məlumat “American Journal of Clinical Nutrition” jurnalında dərc olunub.
Foodinfo.az xəbər verir ki, xarici mütəxəssislərin araşdırmalarına görə, qaragilədə olan polifenolların istehlakı damar və beyin funksiyasının yaxşılaşması ilə əlaqələndirilir. Qaragilənin sağlamlığa necə təsir etdiyini oyrənmək üçün tədqiqatçılar sınaq keçiriblər. Araşdırmaya 65–80 yaş arasında 61 sağlam kişi və qadın daxil edilib. İştirakçılar 12 həftə ərzində təxminən 178 qram təzə qaragilə ekvivalenti olan 26 qram qurudulmuş yabanı qaragilə tozundan hazırlanan içki içiblər. Nəhayət, qaragilə yeyənlərin digərlərinə nisbətən daha aşağı qan təzyiqi olduğunu görüblər. Bununla yanaşı, sınaqda iştirak edənlərin müvafiq tapşırıqlarda yaddaş və diqqətinin də artması müşahidə edilib.
Tədqiqatçılar, həmçinin qeyd ediblər ki, yabanı qaragilədə olan polifenollar yaşlı insanlarda ürək-damar xəstəlikləri riskini də azalda bilər.