Son illərdə qlütensiz qidalanma sağlam həyat tərzinin populyar istiqamətlərindən birinə çevrilib. Foodinfo.az bildirir ki, professor Svetlana Kanevskaya qlütendən imtinanın hər kəs üçün zəruri olmadığını və bunun yalnız müəyyən hallarda tibbi əsas daşıdığını açıqlayıb. Onun sözlərinə görə, insanların böyük əksəriyyəti üçün qlütən təhlükəli deyil və əsassız şəkildə rasiondan çıxarılması fayda vermir.

Professor qeyd edib ki, qlütensiz pəhrizin əsas tibbi göstərişi ağır autoimmun xəstəlik olan çölyakiyadır. Bu irsi patologiya zamanı hətta çox kiçik miqdarda qlütən belə immun sisteminin nazik bağırsağın divarlarına hücum etməsinə səbəb olur. Nəticədə bağırsaq xovları zədələnir və qida maddələrinin sorulması pozulur. Xəstələrdə uzunmüddətli ishal, çəki itkisi, qanazlığı, sümük kövrəkliyi və güclü halsızlıq müşahidə oluna bilər. Bu halda yeganə müalicə üsulu qlütənin ömürlük və ciddi şəkildə rasiondan çıxarılmasıdır.

Mütəxəssis daha yüngül forma kimi qeyri-çölyakiya qlütən həssaslığını da qeyd edib. Bu zaman simptomlar daha zəif olsa da, insanın həyat keyfiyyətinə ciddi təsir göstərə bilər. Qarında köp, spazm, qəbizlik və ya ishal, baş ağrısı, oynaq ağrıları və dəri reaksiyaları kimi hallar müşahidə edilə bilər. Həkimlər bəzən qlütənin bir müddət rasiondan çıxarılıb yenidən əlavə edilməsi ilə əlaqəni praktik şəkildə qiymətləndirirlər.

Üçüncü qrup isə buğda zülallarına qarşı klassik allergiyası olan şəxslərdir. Bu allergiya xüsusi laborator müayinələrlə müəyyən olunur və bəzi hallarda təhlükəli reaksiyalarla müşayiət edilə bilər. Belə şəxslərə yalnız buğdanın deyil, tərkibində qlütən ola biləcək məhsulların da diqqətlə seçilməsi tövsiyə edilir.

Professor vurğulayıb ki, qlütensiz pəhrizə keçməzdən əvvəl mütləq tibbi məsləhət alınmalıdır. Əks halda, faydalı qida maddələrinin əsassız şəkildə rasiondan çıxarılması orqanizmdə balansın pozulmasına səbəb ola bilər.