Son illər aralıqlı aclıq üsulu arıqlamaq istəyənlər arasında geniş yayılıb, lakin mütəxəssislər bu yanaşmanın hər zaman gözlənilən nəticəni vermədiyini bildirirlər. Qidalanma üzrə mütəxəssis Yelena Konovalova bu üsulun gizli tərəflərinə diqqət çəkib. Foodinfo.az NEWS.ru saytına istinadla xəbər verir ki, həkim uzunmüddətli aclığın tibbi nəzarət olmadan tətbiq edilməsini düzgün hesab etmir.

Onun sözlərinə görə, uzun fasilələrlə qida qəbul etmək baş ağrısı, yuxusuzluq və əsəbilik kimi arzuolunmaz təsirlərə səbəb ola bilər. Mütəxəssis bildirir ki, son araşdırmalar aralıqlı aclığın çəki azalması və maddələr mübadiləsi göstəriciləri baxımından adi, ölçülü qida məhdudiyyəti ilə təxminən eyni nəticə verdiyini göstərir. Bu isə o deməkdir ki, sözügedən üsul digər qidalanma qaydalarından daha üstün hesab olunmur. Eyni zamanda, əldə edilən nəticələrin uzunmüddətli davamlılığı məsələsi də hələ tam aydın deyil.

Həkim vurğulayır ki, bəzi insanlar üçün gün ərzində qida qəbulunu müəyyən zaman çərçivəsində saxlamaq rejimi qorumağa kömək edə bilər və bu baxımdan üsul faydalı ola bilər. Lakin bu hal onun hər kəs üçün ən təsirli yol olduğunu sübut etmir. Mütəxəssislər sağlam çəki azalması üçün fərdi xüsusiyyətlərin nəzərə alınmasını, balanslı qidalanmanı və həkim məsləhətini əsas şərt kimi göstərirlər.