İnsanlar uzun illərdir ki, soğan, sarımsaq və limondan viruslardan qorunmaq, mövsümi soyuqdəymə zamanı immunitet sistemini gücləndirmək üçün yararlanır. Amma immunitet sistemini gücləndirmək üçün faydalı hesab edilən qidaların o qədər də təsirli olmadığı bildirilir. Son illərdə mütəxəssislər bu barədə dəfələrlə açıqlama veriblər. Foodinfo.az E-tibb.az-a istinadən bildirir ki, Rusiya Epidemiologiya İnstitutunun Molekulyar Diaqnostika Mərkəzinin laboratoriya təbabəti üzrə mütəxəssisi Marqarita Provotorova da belə bir açıqlama ilə çıxış edib. Mütəxəssis deyib ki, immuniteti müəyyən qidalarla kəskin dərəcədə, birdən-birə gücləndirmək mümkün deyil. Onun sözlərinə görə, sarımsağın, limonun və soğanın immunitet tənzimləyicisi olması haqda çox böyük bir mif mövcuddur. Bu və başqa qidalar təbii, sağlam qidalanmaq baxımından faydalı məhsullardır, qida rasionuna daxil edilməlidir, ancaq onlar immunitet sistemini kəskin dərəcədə gücləndirə bilməz. Mütəxəssis deyib ki, güclü immunitet bir çox amillərə əsasən formalaşa bilər. Bunlardan biri də balanslı qidalanmadır. Hər hansı bir insanın gündəlik menyusunda bütün lazımi vitaminlər və minerallar olmalıdır. Buraya ət, balıq, süd məhsulları, tərəvəz və meyvələr daxildir. O, həmçinin C vitamini - askorbin turşusunun faydaları barədə məşhur mifi də təkzib edib. Mütəxəssis, askorbin turşusu və ya sitrus meyvələrinin qəbul edilməsinin xəstəliyin gedişini qısaltmadığını və müalicə etmədiyini qeyd edib. Bundan başqa, o deyib ki, həkim tövsiyəsi olmadan vitamin kompleksləri qəbul etmək düzgün deyib. Onun sözlərinə görə, orqanizmin vitamin ehtiyacı analizlərə əsasən müəyyənləşdirilməlidir.