Yayda bazarların rəflərində müxtəlif növ meyvə və giləmeyvə bol olur.
Foodinfo.az xəbər verir ki, diyetoloq Marina Makişa bütün növ meyvələrdən gavalılara xüsusi diqqət yetirməyi tövsiyə edir.
Həkim məhsulu gündəlik qida rasionuna əlavə etmək üçün beş səbəb açıqlayıb.
Bu meyvə digərlərindən tərkibində yüksək miqdarda antioksidantların olması ilə fərqlənir. Məsələn, zeaksantin yaşla bağlı göz xəstəliklərinin qarşısının alınması üçün çox vacibdir. Tünd göy, bənövşəyi və qırmızı meyvələrdə daha çox olan antosiyanin isə ürək-damar xəstəliklərinin və aterosklerozun qarşısının alınmasında faydalıdır.
Gavalı həm də çoxlu lif ehtiva edir, onun işlətmə təsiri də məhz bununla əlaqələndirilir. Bu meyvə tez-tez qəbizliyin qarşısını almaq üçün pəhrizə əlavə olunur. Buna görə də, gavalını həddən artıq çox yemək məsləhət deyil.
Araşdırmalara görə, gavalı sümük toxumasını yaxşı vəziyyətdə saxlamağa kömək edir, bu da osteoporozun qarşısının alınması üçün vacibdir.
Həmçinin, gavalı tərkibindəki lifin sayəsində qanda xolesterinin səviyyəsini normallaşdırmağa kömək edir. Bu meyvə C, K, A, B qrupundan olan vitaminlər, maqnezium, kalium, mis ilə zəngindir.
"Gavalı yaxşı məhsuldur, amma əsas onu qədərində istifadə etməkdir. Bir dəfəyə 200-300 qram meyvə yemək normaldır. Bu miqdarın bağırsaqlarda problem yaratması ehtimalı azdır. Amma bir oturuma bir kiloqram yesəniz, təbii ki, həzm sistemi buna reaksiya verəcək”, - deyə həkim vurğulayıb.
Natəvan