Düzgün olmayan qidalanma və fiziki fəaliyyətin azlığı uşaq və yeniyetmələrdə piylənməyə səbəb olan əsas amillərdir. 

Foodinfo.az xəbər verir ki, bu barədə bariatrik cərrah Aleksander Neymark danışıb.

Onun sözlərinə görə, mağazalarda və hətta məktəblərdə rahat tapılan yüksək karbohidratlı qidalara, şəkərli içkilərə və qəlyanaltılar uşaqlarda pis yemək vərdişlərinə və çəki artımına səbəb olur. Uşaqlıqda başlayan piylənmə çox vaxt böyüdükdə də qalır, pis yemək vərdişləri də yaşla daha da pisləşir, bu isə hipertoniya, şəkərli diabet və oynaq problemlərinə səbəb ola bilər.

Dövrümüzdə həkimlər böyüklərə xas olan bir çox xəstəlikləri artıq uşaqlarda da tez-tez müşahidə edirlər. Məsələn, 13-14 yaşlı uşaqların çəkisinin 130-140 kq olması, yüksək qan təzyiqi və ya 2-ci tip diabetdən əziyyət çəkmələri nadir hal deyil.

Endokrinoloq Mariya Molotkova isə uşaqlarda müşahidə olunan piylənmədə insulin dirəncinin rolunu qeyd edir. İnsulin dirənci 2-ci tip şəkərli diabetə və nəticədə böyrək, torlu qişa və sinir uclarının zədələnməsinə səbəb ola bilər. 

Həkim valideynlərə uşağın yemək davranışına fikir verməyi, ailədə sağlam mühit yaratmağı tövsiyə edir. Uşaqların bütün vaxtlarını televizor ekranları və ya qadcetlər qarşısında keçirmək əvəzinə, çöldə daha çox vaxt keçirmələri və aktiv idmanla məşğul olmaları da vacibdir. Valideynlər uşağın çəkisinin tez artdığını görürlərsə, kömək üçün mütəxəssislərlə müraciət etmələri məsləhətdir.

Nərmin