Bəzi qidalar var ki, onların faydası böyük olsa da, gündəlik rasionda kifayət qədər istifadə olunmur. Mütəxəssislər bildirirlər ki, belə məhsullardan biri ürək-damar sağlamlığı üçün xüsusilə faydalıdır.
Foodinfo.az NEWS.ru saytına istinadla xəbər verir ki, ailə nutrisioloqu Yuliya Popovanın sözlərinə görə, bu məhsul maş adlanan paxladır. Onun tərkibi orqanizm üçün çox qiymətli qida maddələri ilə zəngindir və xolesterin səviyyəsinin azalmasına kömək edə bilər.
Mütəxəssis qeyd edir ki, maş asan mənimsənilən zülalın zəngin mənbəyidir. Belə ki, 100 qram məhsulda təxminən 24 qram zülal olur və bu zülalın böyük hissəsi orqanizm tərəfindən asanlıqla mənimsənilir. Eyni zamanda tərkibindəki lif toksinlərin orqanizmdən çıxarılmasına və zərərli bakteriyaların çoxalmasının qarşısının alınmasına kömək edir.
Bundan əlavə, maşın cücərtiləri sərbəst radikalların təsirini azaltmağa kömək edə bilər. Məhsul həmçinin fol turşusu və dəmirlə zəngindir ki, bu da orqanizmin ümumi vəziyyətini və hormonal balansı dəstəkləyir. Mütəxəssisin sözlərinə görə, maş mütləq bişirilməli deyil – onu bir gün suda islatmaq kifayətdir və beləliklə salatlara əlavə edilə bilən faydalı qida əldə etmək mümkündür.






