Yazın gəlişi ilə bir çox insan yorğunluq, yuxululuq və əhvalın aşağı olması kimi problemlərdən şikayət edir. Mütəxəssislər bildirirlər ki, bu vəziyyət çox vaxt qidalanma rejiminin düzgün qurulmaması ilə əlaqəli olur.

Foodinfo.az URA.RU saytına istinadla xəbər verir ki, diyetoloq və anti-eyc terapevti Larisa Nikitinanın sözlərinə görə, bəzi qidalar orqanizmdə “xoşbəxtlik hormonları” kimi tanınan serotonin və dopaminin səviyyəsini artırmağa kömək edir. Bu isə yaz aylarında yaranan halsızlıq və apatiyanın azalmasına müsbət təsir göstərir.

Mütəxəssis qeyd edir ki, yaz dövründə vitamin çatışmazlığının tipik əlamətləri yorğunluq, dərinin quruması, saç tökülməsi və immunitetin zəifləməsidir. Bununla belə, belə simptomların bəzən digər sağlamlıq problemlərinin də göstəricisi ola biləcəyini nəzərə almaq lazımdır.

Diyetoloqun sözlərinə görə, rasiona aşağıdakı qidaların daxil edilməsi orqanizmin enerji səviyyəsini artırmağa kömək edə bilər: banan, yağlı balıq, tünd şokolad (70%-dən yuxarı), yumurta (xüsusilə sarısı), sərt pendirlər (parmezan, çeddar), hinduşka əti, qoz-fındıq (badam və qoz), avokado, paxlalılar (noxud, mərci), həmçinin ispanaq və digər göyərtilər.