Avropa İttifaqı (Aİ) Ukrayna hadisələri nəticəsində Avropada ərzaq böhranının yaranması ehtimalını ciddi şəkildə nəzərdən keçirir, Avropa Komissiyası (AK) bu məsələ ilə bağlı gələn həftə üçün xüsusi hesabat hazırlayır. Foodinfo.az "APA-Economics"-ə istinadən xəbər verir ki, bu barədə AK-nin rəsmi nümayəndəsi Miriam Qarsia Ferrer bildirib. "Biz aqrar-sənaye sektorunda yeni çağırışla üz-üzəyik. Ukrayna və Rusiyanın böyük həcmdə ixrac olunan ərzaq məhsullarının əsas tədarükçüləri olması səbəbindən vəziyyəti və onun kənd təsərrüfatı istehsalçılarımız və dünyanın ərzaq təhlükəsizliyi üçün nəticələrini izləyirik", - xanım Qarsia qeyd edib. Onun sözlərinə görə, indiki mərhələdə Avropa əsas taxıl istehsalçısı olduğu üçün İttifaqın ərzaq təhlükəsizliyinə heç bir təhdid yoxdur: "Lakin ticarət mübadiləsinin pozulması səbəbindən qiymət təsirləri olacaq". O həmçinin əlavə edib ki, Avropa Komissiyası bununla bağlı gələn həftə təqdim olunacaq bir məlumat hazırlayır. Onun sözlərinə görə, qısamüddətli perspektivdə əsas problemlərdən biri gübrələrin qiymətlərinin artmasıdır. "Ortamüddətli perspektivdə biz diqqəti etibarlı və dayanıqlı aqro-ərzaq sisteminə yönəldəcəyik", - AK nümayəndəsi qeyd edib.