Son dövrlərdə fermerlər tərəfindən ölkə ərazisində satılan bitki mühafizəsi vasitələrinin keyfiyyətinin və tətbiq edilən preparatların zərərli orqanizmlərə qarşı təsirinin aşağı olması barədə Kənd Təsərrüfatı Nazirliyinə və Qida Təhlükəsizliyi Agentliyinə müraciətlər edilir. Bu səbəbdən ölkədə satılan pestisid və aqrokimyəvi maddələrin keyfiyyət göstəricilərinin, bu preparatların tərkibinin etiket üzərində qeyd edilmiş məlumatlara uyğunluğunun, saxtalaşdırma hallarının olub-olmamasının aydınlaşdırılması üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən birgə monitorinqlərin keçirilməsinə başlanılır.
Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, monitorinqlərin keçirilməsində əsas məqsəd ölkəmizdə istehsal olunmuş, həmçinin idxal edilmiş məhsullar arasında yalnız keyfiyyət tələblərinə cavab verən məhsulların ölkə bazarında dövriyyəyə buraxılması və bununla da, fermerlərin keyfiyyətli preparatlardan istifadəsini təmin etməkdir.
Monitorinqlərdə satış müəssisələrinin ətraf mühitə və insan sağlamlığına təsiretmə dərəcəsinə, preparatların etiket məlumatlarına uyğun saxlanma şəraitinin təmin edilməsinə, istifadəyə yararlılıq müddətinə, qabların hermetikliyinə, dövlət qeydiyyatına alınmış preparatlar siyahısında olub-olmamasına və digər vacib məsələlərə nəzarət ediləcəkdir.
Satış müəssisələrində məhsullardan müvafiq qaydada nümunələr götürülərək keyfiyyət göstəricilərinin yoxlanılması məqsədilə laboratoriya sınaqlarına göndəriləcək. Müayinələr nəticəsində uyğunsuzluq aşkar edildiyi təqdirdə, həmin müəssisələr barədə qanunvericiliyə uyğun ciddi tədbirlər görüləcəkdir.