Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") nümayəndə heyətləri arasında videokonfrans formatında növbəti görüş keçirilib. Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, görüşdə Azərbaycandan Rusiyaya ixrac olunan bitkiçilik məhsulları, həmçinin bu ölkədə pestisidlərin və aqrokimyəvi maddələrin təhlükəsiz istifadəsi sahəsində dövlət nəzarətinin gücləndirilməsi ilə bağlı "Pestisidlərin və aqrokimyəvi maddələrin təhlükəsiz istifadəsi haqqında" 1997-ci il 19 iyul tarixli 109-Ф3 nömrəli Federal Qanununa edilmiş dəyişikliklər barədə fikir mübadiləsi aparılıb. Rusiya nümayəndə heyəti tərəfindən müvafiq Qanuna edilmiş dəyişikliklərin 2021-ci il 29 iyun tarixindən etibarən qüvvəyə minməsi barədə məlumat verilib. Dəyişikliyə əsasən, Rusiya Federasiyasına idxal olunan pestisid və aqrokimyəvi maddələrin qüvvədə olan qeydiyyat şəhadətnaməsinin tələblərə uyğunluğunun müəyyən edilməsi məqsədilə onların laborator müayinələrinin aparılması üçün sınaq və nümunələrin götürülməsi tələbi qoyulur. Həmçinin dəyişikliyə görə, Rusiya Federasiyasına ixracı nəzərdə tutulmuş bitki məhsullarının istehsal yerlərində pestisidlərin və aqrokimyəvi vasitələrin tətbiqi ilə bağlı məcburi tələblərə uyğunluğunun yoxlanılması müddəaları yer alıb. Son illər ölkəmizdə bitki mühafizə vasitələrinin - pestisidlərin və bioloji preparatların istehsalı, idxalı, ixracı, saxlanılması və satışı sahəsində nəzarət tədbirlərinin daha da təkmilləşdirildiyi qeyd olunan görüşdə həyata keçirilən nəzarət və tənzimləmə tədbirləri nəticəsində respublika ərazisinə sınaqdan keçirilməmiş, istifadəsinə icazə verilməmiş, qeydiyyatsız bitki mühafizə vasitələrinin gətirilməsinin qarşısının alındığı bildirilib. Sahibkarlıq subyektlərinə yalnız dövlət qeydiyyatına alınmış, istifadəsinə icazə verilmiş preparatlar siyahısına daxil edilən, mənşəyi və keyfiyyəti barədə sertifikatları olan, müvafiq qaydada qablaşdırılmış və etiketləşdirilmiş pestisidlərin, aqrokimyəvi maddələrin idxalına icazə verilir. Tədbirdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti arasında hazırda qarşılıqlı razılaşdırma mərhələsində olan “Pestisidlər və aqrokimyəvi maddələrdən təhlükəsiz istifadə sahəsində əməkdaşlıq haqqında” Saziş layihəsinə dair fikir mübadiləsi aparılıb. Qeyd olunan Qanuna edilmiş dəyişikliklərlə bağlı sahibkarlar aşağıdakı linkə keçid edərək tanış ola bilərlər.