Avropa İttifaqının (Aİ) dəstəyi ilə keçirilən “Azərbaycanda sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi” adlı tvinninq layihəsi çərçivəsində videokonfrans formatında növbəti komitə iclası keçirilib.
Foodinfo.az xəbər verir ki, tədbirdə giriş nitqi ilə çıxış edən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Zəkiyyə Mustafayeva tvinniq layihəsi çərçivəsində görülən işləri müsbət qiymətləndirib və bunun ölkəmizdə qida təhlükəsizliyinin təmin olmasına töhfə verəcəyini vurğulayıb.
Görüşdə rezident Tvinninq Müşaviri Gintaras Lapinskas layihənin ikinci rübündə həyata keçirilən Azərbaycanda qida təhlükəsizliyi və fitosanitar nəzarət sahələrində bir sıra qanunvericilik layihəsinin hazırlandığı və ya nəzərdən keçirildiyi, AQTİ mütəxəssisləri üçün “Pestisid qalıqları və mikotoksinlərin analizi” mövzusunda təlimin təşkil edildiyi, AQTA-da mövcud İT məlumat toplama sisteminin təhlili və tövsiyyələrin verildiyi haqqında məlumat verib. Gintaras Lapinskas görüləcək işlər sırasında müvafiq qanunvericilik layihələrinin hazırlanması və ya nəzərdən keçirilməsi istiqamətində işlərin davam etdirilməsi, AQTA-nın risklərin dəyərləndirilməsi üzrə işçilərinin, AQTİ-nin laboratoriya mütəxəssislərinin və müfəttişlərinin təlimlərə cəlb edilməsi, müvafiq təlim turlarının təşkil olunmasının iş planına daxil olduğunu bildirib.
Daha sonra layihənin İdarəetmə Komitəsinin növbəti görüşünün keçirilməsi, gələcək fəaliyyətlərin təşkili kimi məsələlərə dair geniş müzakirələr aparılıb.
Qeyd edək ki, tvininq layihəsinin keçirilməsində məqsəd ölkəmizdə qida və yemlərin təhlükəsizliyinin artırılmasına töhfə vermək və təkmilləşdirilmiş sanitar və fitosanitar standartlara uyğun ixrac imkanlarını genişləndirməkdir. Layihə çərçivəsində milli qida qanunvericiliyinin Avropa İttifaqi qanunvericiliyinə daha da uyğunlaşdırılması, bitki mühafizə vasitələrinə nəzarət mexanizmlərinin daha da təkmilləşdirilməsi, təkmilləşdirilmiş qanunvericilik əsasında qalıq monitorinq proqramlarının hazırlanması, həmçinin İT əsaslı fitosanitar informasiya sisteminin hazırlanması nəzərdə tutulub.