
Boğaz ağrısı, xüsusilə soyuq aylarda və infeksion xəstəliklər zamanı tez-tez rast gəlinən narahatlıqlardan biridir. Bu vəziyyətdə düzgün qidalanma ağrını azaltmağa, immun sistemini gücləndirməyə və sağalma müddətini qısaltmağa kömək edə bilər.
Foodinfo.az boğaz ağrısını yüngülləşdirən əsas qidaları təqdim edir:
1. Bal
Bal təbii antibakterial xüsusiyyətlərə malikdir. İlıq suya və ya çaya qarışdırılaraq istifadə edildikdə boğazı sakitləşdirir, öskürəyi azaldır və selik axıntısını yumşaldır.
2. İlıq toyuq bulyonu (şorba)
Toyuq bulyonu həm orqanizmi qidalandırır, həm də boğazda yaranan qıcıqlanmanı azaldır. Eyni zamanda ilıq mayelər selik axıntısını yumşaldır və boğazın nəmli qalmasına kömək edir.
3. Zəncəfil çayı
Zəncəfil iltihabəleyhinə və ağrıkəsici xüsusiyyətlərə malikdir. Zəncəfil çayı boğazı rahatladır, həm də immuniteti gücləndirir.
4. Qatıq
Zülal və probiotiklərlə zəngin olan qatıq boğazı yormadan qidalandırır. Soyuq formada istehlakı boğaz ağrısını sakitləşdirə bilər.
5. Banan
Banan həm yumşaq, həm də asan həzm olunan meyvədir. Boğazı cızmır və vitaminlərlə bədəni dəstəkləyir.
6. İlıq süd və sarıkök
Sarıkök güclü iltihabəleyhinə təsirə malikdir. İlıq südə az miqdarda sarıkök əlavə edərək içmək boğaz ağrısını azalda bilər.
7. Kəsmik və yumşaq qidalar
Qaynadılmış yumurta, kartof püresi, sıyıqlar və digər yumşaq yeməklər boğazı qıcıqlandırmadan doyurucu və rahat qida alternativləridir.
8. Sarımsaq
Təbii antibiotik sayılan sarımsaq immun sistemini gücləndirir. Yeməklərə əlavə edilə və ya çiy halda az miqdarda istehlak edilə bilər.
Soyuq və qazlı içkilərdən, çox ədviyyatlı və quru qidalardan, şirin, emal olunmuş məhsullardan uzaq durmaq boğazın daha da qıcıqlanmasının qarşısını alır.
Sağlam qidalanma ilə yanaşı bol su içmək də müalicəni dəstəkləyir.