Avstraliyalı alimlər ev heyvanlarından, hətta akvarium balıqlarından yoluxa biləcəyiniz xəstəliklərin olduğu barədə xəbərdarlıq ediblər.
Foodinfo.az xəbər verir ki, bu barədə "The Conversation" yazır.
Tədqiqatçılar qeyd edirlər ki, ev quşları pnevmoniyaya (sətəlcəmə) səbəb ola bilən ornitozu ötürə bilər.
İtlər və pişiklər də xəstəlik daşıyıcısıdır. Məsələn, itlərin tüpürcəklərində kapnositofaq bakteriyalar olur, pişiklər isə dişləmək və ya cızmaqla infeksiya ötürə bilərlər.
Hətta tısbağalar da uşaqlar üçün təhlükə yarada bilər, çünki bu heyvanlar salmonella yayır. Akvarium balıqları isə bəzən vibrioz, mikrobakterioz və salmonellyoz ötürürlər.
Heyvanlardan keçən xəstəliklərin qarşısını almaq üçün alimlər ev heyvanlarını öpməməyi və onlarla təmasdan sonra əlləri üzə vurmamağı məsləhət görürlər.
Heyvanlarla təmasda olduqdan sonra əlləri yumaq vacibdir, onların qəfəslərini və digər yaşayış yerlərini təmizləyərkən isə əlcək taxmaq tövsiyə olunur.
Uşaqlar, hamilə qadınlar, yaşlılar və immuniteti zəif olan insanlar ev heyvanları ilə ünsiyyətdə olarkən daha diqqətli olmalıdırlar. Onlar ev heyvanlarındakı yoluxucu xəstəliklərə qarşı daha həssasdırlar.