Heyvanların insan üçün qan donoru olub-olmaması uzun illərdir müzakirə olunan mövzulardandır. Müasir tibbdə bəzi istiqamətlərdə heyvanlardan istifadə mümkün olsa da, qan köçürülməsi məsələsi daha mürəkkəbdir.
Foodinfo.az Championat saytına istinadla xəbər verir ki, kardiocərrah Aleksey Kupryaşovun sözlərinə görə, insanın immun sistemi yad zülalları dərhal tanıyır və onlara qarşı reaksiya verir. Heyvanların eritrositləri isə səthində çoxsaylı yad antigenlər daşıyır və qan dövranına daxil olduqda immun sistem tərəfindən sürətlə məhv edilir.
Bu proses orqanizm üçün ciddi yük yaradır. Parçalanma nəticəsində yaranan maddələr bədəndə əlavə problemlərə səbəb olur və onların zərərsizləşdirilməsi çətinləşir.
Mütəxəssis bildirir ki, belə hallarda anafilaktik şok, kəskin böyrək çatışmazlığı və digər ağır fəsadlar yarana bilər. Bu səbəbdən hazırda heyvanlardan insanlara qan köçürülməsi praktik olaraq mümkün və təhlükəsiz hesab edilmir.






