Hollandiyada təxminən 12 nəfər ölkənin ən böyük supermarketlər şəbəkəsi olan Albert Heijn-dən aldıqları dondurulmuş qaragilə yedikdən sonra hepatitə yoluxub. Foodinfo.az Nu.nl-lə istinadla xəbər verir ki, yoluxanların yaşı 22 ilə 77 arasında dəyişir. Milli İctimai Sağlamlıq İnstitutunun (RIVM) sözçüsü Ilko Franca, xəstələrdən ikisinin ağır simptomlar səbəbiylə xəstəxanaya yerləşdirildiyini söyləyib.
İnstitut xəbərdarlıq edir ki, daha yüzlərlə insan yoluxmuş ola bilər. Buna cavab olaraq Albert Heijn çirklənmiş qaragilələri öz rəflərindən yığışdırıb. Şirkətin saytındakı açıqlamada hepatit A infeksiyası ilə bağlı sağlamlıq risklərini əsas gətirərək istehlakçılara məhsulu istehlak etməkdən çəkinmələri tövsiyə edilir.