Bu ilin mayın 15-17-də Bakı Ekspo Mərkəzində keçiriləcək 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (“Caspian Agro”) və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi (“İnterFood Azerbaijan”) sərgilərində KOB subyektlərinin məhsul və xidmətlərini tanıtmaq üçün xüsusi stend qurulacaq.
Foodinfo.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir.
Bu, KOBİA tərəfindən təmin ediləcək dövlət dəstəyi hesabına həyata keçiriləcək. Stendlərdə məhsul və xidmətlərini təqdim edəcək KOB-lar tərəfindən hər hansı ödəniş edilməyəcək, sərgi ilə bağlı bütün xərclər dövlət tərəfindən qarşılanacaq.
Məqsəd KOB subyektlərinin istehsal etdiyi məhsulları və xidmətləri geniş istehlakçı auditoriyasına tanıtmaq, satışına dəstək olmaqdır. KOB-ların sərgilərdə iştirakına dəstək mexanizminin əhatə edəcəyi sərgilər barədə sahibkarların məlumatlandırılması üçün əvvəlcədən KOBİA-nın www.smb.gov.az saytında, sosial şəbəkələrdəki hesablarında və mediada elanlar veriləcək.
Məhsul və xidmətlərini təqdim etmək istəyən KOB-lar mayın 5-dək KOBİA-ya müraciət edə bilərlər. Sərgidə iştirak etmək istəyən KOB-lar müvafiq formanı doldurmaqla müraciət etməlidir: https://smb.gov.az/az/contact-form/exhibition-form/1