ABŞ Prezidenti Donald Tramp təmizləyici vasitələrin koronavirusun müalicəsində effektli ola biləcəyini ehtimal etdiyini deyib. Daha sonra “Lysol” dezinfektantının istehsalçıları onun inyeksiya üçün yararsız olması barədə xəbərdarlıq yayıb.
Foodinfo.az Azərtac-a istinadən xəbər verir ki, Donald Tramp ötən cümə axşamı gündəlik brifinqdə səthdəki virusu məhv edən dezinfeksiyaedici maddələrin insan orqanizminə də eyni təsiri göstərə biləcəyini söyləməklə səhiyyə işçilərini və ekspertləri təəccübləndirib. O, səthdəki virusu məhv edə bilən maddənin inyeksiya kimi insan bədəninə də eyni təsiri göstərə bilib-bilməyəcəyini öyrənməyin maraqlı olacağını deyib. “Lysol”u istehsal edən “Reckitt Berckiser” şirkətinin cümə günü yaydığı bəyanatda deyilir: “Hamı birmənalı şəkildə başa düşməlidir ki, bizim dezinfeksiyaedici maddələr heç bir halda insan orqanizminə vurulmamalıdır”. Trampın təklifi narahatlıqla qarşılanıb. İstehsalçıların çoxu insan bədəninə zəhərli kimyəvi maddələrin vurulmasının yolverilməz olduğunu bildiriblər.