İqtisadçı hesab edir ki, müxtəlif cəlbedici aksiyalarla  marketlərdə onlayn alış-verişi artırmaq olar

Dekabrın 14-dən etibarən Azərbaycanda yenidən karantin rejimi sərtləşdirilib, SMS icazə qaydası bərpa edilib. Bununla da ərzaq satılan marketlərdən və apteklərdən başqa bütün satış obyektlərinin fəaliyyəti dayandırılıb. Lakin bununla belə, xüsusən də axşam saatlarında marketlərdə sıxlıq müşahidə olunmaqdadır. Bunun da əsas səbəblərindən biri bayram ərəfəsində insanların daha çox alış-veriş etməsi ilə bağlıdır. Məlum məsələdir ki, adəti üzrə bayramqabağı müəyyən ərzaqların və meyvələrin qiymətində bahalaşma hiss olunur. Bu baxımdan əksəriyyət artıq indidən bayram tədarükünü görməyə başlayıb. Nəticədə marketlərdə sıxlıq yaranır ki, bu da koronavirusun yayılması üçün ciddi zəmin yaradır. Bu vəziyyətin hələ bir həftə davam edəcəyi gözlənilir. Bəs bayramqabağı gündəlik yoluxmanın yenə pik həddinə çatmaması üçün nə etməliyik? Foodinfo.az xəbər verir ki, “Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Yeni təkliflər ortada yoxdur. Bizim qorunma üsullarımız artıq məlumdur. Bütün bunları dəfələrlə qeyd etsək də, yenə də ehtiyac olduğunu görürük. Tibbi maska taxmaq, ondan düzgün istifadə etmək, sosial məsafə saxlamaq, gigiyenik qaydalara əməl etmək - bunun xaricində yeni qaydalar yoxdur. Əlbəttə ki, digər inzibati tədbirlər, SMS icazənin tətbiqi də mövcuddur və hesab edirəm ki, bu qaydaların daha da sərtləşdirilməsinə ehtiyac yoxdur. Əsas məsələ vətəndaş məsuliyyəti, qeyd olunan 3 qaydaya riayət etməkdir. Marketlərdə sıxlıq yarananda sosial məsafə gözləmək qaydasında bir qədər problem yaranır. Bu zaman vətəndaş məsuliyyəti daha da artmalıdır. Çünki biz hamılıqla bu virusun təhlükəli olduğunu bilirik. Hələ də xeyli sayda insan bu virusdan dünyasını dəyişir. Beləliklə, məsuliyyətsiz davranış həm şəxsin özü, həm də ətrafındakı insanlar üçün təhlükə deməkdir. Vətəndaş məsuliyyəti, ictimai qınaq, digər inzibati tədbirlərlə birgə bu virusa qalib gələ bilərik". Qeyd edək ki, dünyanın əksər ölkələrində onlayn alış-veriş çox geniş yayılıb. Onlayn satış yoluxma riskini xeyli azaltmış olur. Pandemiyanın hələ ilk günlərində Azərbaycanda da onlayn satış, çatdırılma populyarlaşmağa başladı. Lakin bu əsasən restoran və geyim mağazalarında özünü göstərdi. Marketlərdən onlayn alış-veriş hələ ki inkişaf etməyib. Sanki buna nə marketlər, nə də vətəndaşlar maraq göstərmək istəmir. Yalnız son zamanlarda bir neçə market müştərilər üçün çatdırılma xidməti təklif etməyə başlayıb. Onlardan “Bravo”, “Rahat” supermarketlərini qeyd etmək olar. “Araz” marketlərində isə çatdırılma xidməti olmasa da, insanların növbədə gözləməmələri üçün əvvəlcədən istədiyiniz məhsulları yığaraq hazır şəkildə qoyur. Müştəri, sadəcə, marketə yaxınlaşıb ödəniş edərək məhsulları götürür. Bəs marketlərin kütləvi şəkildə onlayn alış-veriş qaydasına keçməsində nələr mane olur? Bu sahənin inkişafı üçün nə edilməlidir? Ekspert Natiq Cəfərli məsələyə bu cür şərh bildirdi: “İlk öncə onu qeyd edim ki, bir çox ölkələrdə pandemiyadan əvvəl də marketlərdə onlayn alış-veriş mövcud idi. Bildiyiniz kimi, Türkiyədə də onlayn alış-veriş çox populyardır. Müştərilər saytda səbət yaradır,  istədikləri məhsulu onlayn qaydada həmin səbətə salır, daha sonra həmin məhsullar onun ünvanına gətirilir.  Azərbaycanda onlayn alış-verişlə bağlı digər sahələrdə xeyli irəliləyiş var. Lakin ərzaqla bağlı bunu demək olmur. Çünki insanlarımızın ərzaqlarla bağlı yanaşmaları başqa cürdür. Müştəri istəyir ki, aldığı ərzağı vizual görsün, keyfiyyətini yoxlasın. Yəni bu bir alışqanlıqdır. Ona görə də bizdə hələlik bu sahədə onlayn satış populyar deyil. Ola bilər ki, cəlbedici təkliflərlə, aksiyalarla insanları bu sahəyə yönləndirmək mümkün olardı. Doğrudur, özəl sektora, supermarket şəbəkələrinə hansısa bir qərarla qiymətlərin tənzimlənməsi ilə bağlı bir göstəriş vermək olmur, bu heç qanunvericiliyə uyğun da deyil. Amma dövlət tərəfindən də müəyyən təşviqedici addımlar atıla bilərdi ki, həm vətəndaşlar, həm də supermarketlər üçün cazibəli bir sxem yaransın. Yəni onlayn sifariş verərkən, ümumi güzəştli qiymətlərin həcmi açıqlana bilər ki, daha sərfəli olsun və bunun əvəzində həmin supermarketlərə müəyyən vergi güzəştləri tətbiq etmək olardı. Yəni vergi güzəştlərinin hesabına supermarketlərə də bu sərf edərdi, vətəndaşlar da onlayn alış-veriş edərkən real marketə getdiyi zaman aldığı məhsulu daha ucuz qiymətə almaq imkanı yaranardı və qarşılıqlı maraq ortaya çıxardı. Hesab edirəm ki, qarşılıqlı maraqların çərçivəsində müxtəlif cəlbedici aksiyaların elan olunması şəraitində bu onlayn alış-verişi artırmaq olar və bunun nəticəsində də virusun yayılmasının qarşısını böyük ölçüdə almaq olardı".