Foodinfo.az xəbər verir ki, mövzu ilə bağlı Musavat.com-a danışan həkim-infeksionist Mərdan Əliyev deyib ki, meymunçiçəyi ağır gedişə malik xəstəlik hesab olunur:

"Dəri üzərində səpkilərin olması, hərarətin yüksəlməsi, intoksikasiya əlamətləri, halsızlıq, iştahsızlıq, sümük-əzələ oynaqlarında ağrılar müşahidə olunur, limfa düyünlərinin böyüməsi və s. kimi əlamətlərlə özünü göstərir. Xəstəlik sıx təmas yolu ilə yoluxur. Bu xəstəlik Azərbaycanda xarici səfərdən qayıdan bir şəxsdə aşkar edilib. Həmin şəxs xaricdə səpkili şəxslə təmasda olub və vətənə qayıtdıqdan sonra infeksiya aşkarlanıb. Qeyd edilməlidir ki, bu xəstəlik məsafədən yoluxmur, yalnız sıx təmas nəticəsində keçir. Bu səbəbdən xəstəliyin bir nəfərdə olması ölkəmizdə onun kütləvi yayılacağı anlamına gəlmir. Bu, yəqin ki, təkcə bir hadisə ilə məhdudlaşar. Xəstə karantinə alınıb, ailə üzvləri də müşahidə altına götürülüb. Yəqin ki, əlavə problemlər yaşanmaz".

Həkimlər onu da qeyd edirlər ki, meymunçiçəyi adətən ölümcül olmayan bir xəstəlikdir, lakin onun yan təsirləri və ağırlaşmaları şəxsin sağlamlıq vəziyyətindən və müalicədən asılı olaraq dəyişə bilər. Xəstəlik xüsusilə uşaqlar, immuniteti zəif olan şəxslər və yanaşı xəstəlikləri olanlar üçün daha ciddi ola bilər.

Ümumi simptomlar: hərarət, baş ağrısı, əzələ ağrıları, yorğunluq və halsızlıq.

Dəri səpkiləri üzdə başlayıb bədənə yayılır. Qabarcıqların irinlə dolması və sonradan quruyub tökülməsi ilə müşahidə edilir. Bəzən daimi çapıqlar qala bilər. Ağırlaşmalar əsasən sekundar bakterial infeksiyalar, sətəlcəm, göz infeksiyaları (keratit kimi), nadir hallarda ensefalitdir (beyin iltihabı).

Meymunçiçəyi xəstəliyinin müxtəlif növləri arasında ölüm riski fərqli ola bilər. Qərbi Afrika ştamında ölüm faizi daha aşağıdır (1%-dən az), lakin Mərkəzi Afrika ştamında bu rəqəm 10%-ə qədər çata bilər.