Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Texniki Əməkdaşlıq Proqramı çərçivəsində FAO Baş Qərargahının ekspertləri Dr. Susanne Munstermann və Dr. Kamila Benfieldin iştirakı ilə 12 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində mətbuat konfransı keçirilib. Foodinfo.az xəbər verir ki, konfransda bildirilib ki, beynəlxalq ekspertlərin ölkəmizə səfəri çərçivəsində Azərbaycanın xırdabuynuzlu heyvanlar arasında taun xəstəliyindən azad elan olunması ilə bağlı görülən işlər, Azərbaycan hökuməti tərəfindən hazırlanan müvafiq sənədlərin  tamamlanmasına texniki dəstəyin göstərilməsi nəzərdə tutulur. Son illərdə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən heyvan sağlamlığının təmin olunması istiqamətində görülən məqsədyönlü tədbirlərdən danışan Agentliyin şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev heyvan xəstəliklərindən azad zonanın yaradılması ilə bağlı bir sıra vacib işlərin görüldüyünü və hazırda bu sahədə tədbirlərin sürətlə davam etdirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, görülən işlər çərçivəsində Agentlik əməkdaşları beynəlxalq ekspertlərlə birgə ölkə ərazisində epizootoloji və seroloji monitorinqlər keçirib və məlumatlar toplanaraq zəruri tədbirlər görülüb. Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) qaydalarına əsasən, beynəlxalq ticarət şəbəkəsi vasitəsilə diri heyvanlar və heyvan mənşəli məhsulların dövriyyəsinin təmin olunması üçün ölkəmiz bir sıra heyvan xəstəliklərindən azad statusa malik olmalıdır. Bu xəstəliklərdən biri də xırdabuynuzlu heyvanların taunu (XBT) xəstəliyidir. Ölkələr öz ərazisinin xırdabuynuzlu heyvanların taunu xəstəliyindən azad olmasının OIE tərəfindən rəsmi tanınması və xəstəlik üçün milli nəzarət proqramının təsdiqi ilə bağlı müraciət etmək imkanına malikdirlər. Qeyd edək ki, xırdabuynuzlu heyvanların taunu xəstəliyi Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) Transsərhəd Heyvan Xəstəliklərinə mütərəqqi nəzarət üzrə Qlobal Çərçivəsinin (GF-TADs) 5 illik fəaliyyət planında göstərilən prioritet xəstəliklərdən biridir və 2030-cu ilə qədər dünyada ləğv olunması nəzərdə tutulur. [gallery ids="42328,42329,42330"]