Qırmızı kürü çoxları tərəfindən ləziz və faydalı qida hesab olunsa da, bəzi insanlar üçün onun artıq miqdarda qəbulu sağlamlığa zərər verə bilər. Foodinfo.az Ndn.info saytına istinadla xəbər verir ki, bu barədə Moskva vilayəti Səhiyyə Nazirliyinin Vidnoye Klinik Xəstəxanasının endokrinoloqu Mariya Kaloşina məlumat verib.

Həkimin sözlərinə görə, qırmızı kürüdəki natriumun miqdarı onun duzlanma dərəcəsindən asılıdır. “Natrium orqanizmdə hüceyrələr və qan arasında su mübadiləsini tənzimləyir, sinir impulslarının ötürülməsində və əzələlərin yığılmasında mühüm rol oynayır. Lakin artıq miqdarda qəbul edildikdə bədəndə suyun yığılmasına, ödemlərin yaranmasına və arterial təzyiqin yüksəlməsinə səbəb ola bilər,” – deyə Mariya Kaloşina bildirib.

Mütəxəssis xəbərdarlıq edib ki, hipertoniyadanxroniki ürək çatışmazlığından əziyyət çəkən şəxslər üçün qırmızı kürü ilə ehtiyatlı davranmaq vacibdir. Belə insanların gündə bir kiçik sendviçdən artıq qırmızı kürü qəbul etməməsi tövsiyə olunur.

Kaloşina qeyd edib ki, sağlam insanlar üçün bir yemək zamanı 5 çay qaşığına qədər qırmızı kürü yemək təhlükəsiz hesab oluna bilər. Bu da təxminən iki sendviçə bərabərdir. Amma ürək və təzyiq problemi olan şəxslər üçün bu miqdar 2–3 çay qaşığından çox olmamalıdır.

Həkim əlavə edib ki, qırmızı kürü tərkibindəki zülal, fosfor, dəmir və omega-3 yağ turşuları sayəsində faydalıdır, lakin onunla ifrata varmaq orqanizmdə duz yığılmasına və damar sisteminə mənfi təsirə səbəb ola bilər.