Diş sağlamlığı birbaşa qidalanma ilə əlaqəlidir. Bəzi məhsullar diş minasını təbii yolla möhkəmləndirə və ağız boşluğunun sağlamlığını qorumağa kömək edə bilər. Foodinfo.az xəbər verir ki, bu barədə Life.ru-ya müsahibəsində 2025-ci ilin “STARTSMILE TOP” reytinqinə görə Rusiyanın ən yaxşı diş gigiyenisti seçilmiş stomatoloq Yevgeni Prokopenko danışıb.
Mütəxəssis diş sağlamlığı üçün ən vacib 6 qida kateqoriyasını açıqlayıb:
1. Sərt meyvə və tərəvəzlər (alma, yerkökü, kərəviz).
Bu məhsullar “təbii diş fırçası” rolunu oynayır. Onların çeynənməsi zamanı dişlərin səthindəki ərp mexaniki şəkildə təmizlənir, diş ətləri isə masaj olunur.
2. Yaşıl tərəvəzlər (ispanaq, brokoli).
Bu qidalar kalsium və B qrupu vitaminləri ilə zəngindir. Onlar diş minasını möhkəmləndirməklə yanaşı, diş ətlərini də gücləndirir və qan dövranını yaxşılaşdırır.
3. Qoz-fındıq və tumlar.
Bu məhsullar fosforun əsas mənbəyidir. Fosfor diş toxumasının bərkiməsi və möhkəmliyinin qorunması üçün vacib mineraldır.
4. Zülalla zəngin qidalar (balıq, yumurta, paxlalılar).
Zülal və minerallar diş minasının sıxlığını artırır, çənə sümüklərinin sağlam qalmasına kömək edir.
5. Yağlı balıq və yumurta sarısı.
Bu məhsullar orqanizm üçün vacib D vitamini ilə zəngindir. D vitamini kalsiumun mənimsənilməsini təmin edir; onun çatışmazlığı zamanı kalsium sümüklərə və dişlərə tam mənada təsir göstərmir.
6. Süd məhsulları (pendir, kəsmik, yoqurt).
Onlar həm kalsium, həm də fosfor baxımından zəngindir və ağız boşluğunda turşuluğu neytrallaşdıraraq karies riskini azaldır.
Stomatoloqun sözlərinə görə, bu məhsulları gündəlik rasiona daxil etməklə diş minasını möhkəmləndirmək, diş ətini sağlam saxlamaq və çürümə ehtimalını minimuma endirmək mümkündür.






