Bir çox insanlar müxtəlif səbəblərdən səhər yeməyindən imtina edir. Əksər həkimlər səhər yeməyini günün ən vacib qidası hesab etsələr də, bəzi mütəxəssislər bunun o qədər də zəruri olmadığını düşünür. Foodinfo.az Edimdoma.ru saytına istinadla xəbər verir ki, bəzi həkimlərin fikrincə, insan özünü yeməyə məcbur etməməli, aclıq hiss etdikdə qidalanmalıdır.
Qastroenteroloq Anastasiya Abbasovanın sözlərinə görə, əsas məsələ gün ərzində qəbul edilən qidaların tərkibi və balansıdır. “Tam dəyərli qidalanmaq üçün səhər yeməyi mütləq deyil. Əsas odur ki, gün ərzində orqanizm zəruri miqdarda zülal, yağ, karbohidrat və lif alsın”, – deyə həkim Lifehacker nəşrinə açıqlamasında bildirib.
Onun fikrincə, əgər günorta və axşam yeməkləri balanslı olarsa, aralarda sağlam qəlyanaltılar qəbul edilərsə, səhər yeməyindən imtina orqanizmə ciddi zərər vurmaz. Belə halda səhər yalnız bir fincan qəhvə içmək kifayət edə bilər.
Lakin Abbasova xəbərdarlıq edir ki, bu yanaşma hər kəs üçün uyğun olmaya bilər. Xüsusilə maddələr mübadiləsi pozğunluğu, şəkərli diabet və ya mədə problemləri olan şəxslərin səhər yeməyini keçməsi məsləhət görülmür.
Digər həkim — Debora Li isə əks fikirdədir. Onun sözlərinə görə, səhər yeməyi günə gümrah başlamaq üçün əsas şərtlərdəndir və yalnız qəhvə ilə kifayətlənmək düzgün deyil.
Debora Li hesab edir ki, xüsusilə zülallarla zəngin səhər yeməyi bədənin enerjisini artırır və diqqət cəmlənməsini asanlaşdırır. O, səhərlər yumurta, kəsmik, yoqurt, qoz-fındıq və ya yulaf sıyığı yeməyi, daha sonra isə qəhvə içməyi məsləhət görür.
Mütəxəssislər həmçinin qeyd edirlər ki, səhər yeməyini tam əvəz edə bilməsə də, yüngül idman hərəkətləri və ya qısa gəzinti də bədəni oyandırmağa və zehni aktivliyi artırmağa kömək edir.
Beləliklə, həkimlərin fikirləri fərqli olsa da, əsas nəticə ondan ibarətdir ki, səhər yeməyi yemək və ya yeməmək şəxsi orqanizmə, vərdişlərə və həyat tərzinə bağlı bir seçimdir.






