Son illərdə aparılan araşdırmalar bəzi meyvə və tərəvəzlərin tərkibində normadan artıq pestisid qalıqları olduğunu üzə çıxarıb.
Foodinfo.az xəbər verir ki, bu kimyəvi maddələr zərərvericilərlə mübarizə üçün istifadə olunsa da, uzunmüddətli təsirdə insan sağlamlığı üçün ciddi təhlükə yarada bilər.
Araşdırmalar göstərir ki, bəzi meyvə və tərəvəzlər pestisidləri daha çox toplayır. Siyahının başında aşağıdakı məhsullar dayanır:
– Çiyələk nazik qabığı və məsaməli səthi səbəbindən kimyəvi maddələri tez udur.
– Almanın qabığında çoxlu pestisid qalığı aşkarlanır, bu səbəbdən yaxşı yuyulması vacibdir.
– İspanaq yarpaqları dərman qalıqlarını asanlıqla hopdurur.
– Üzüm qabığında yüksək miqdarda pestisid qalığı tapılır.
– Şaftalı və albalı incə qabıqları səbəbilə pestisidlər meyvənin içinə keçir.
– Bibər və xiyar açıq sahədə yetişdirilən növlərdə pestisid səviyyəsi daha yüksək olur.
Mütəxəssislərin sözlərinə görə, avokado, ananas, qarğıdalı, brokoli, qarpız və banan pestisidləri daha az udur və daha təhlükəsiz sayılır.
Bəs, pestisidlərdən necə qorunmalı?
– Meyvə və tərəvəzləri sirkəli və ya duzlu suda 15–20 dəqiqə saxlamaq
– Qabığını soymaq
– Mövsümi və yerli məhsullara üstünlük vermək tövsiyə olunur.
Pestisidlərin orqanizmdə yığılması bağırsaq pozğunluqları, hormonal dəyişikliklər və xərçəng riskini artıra bilər. Buna görə də gündəlik qidalanmada təmiz və etibarlı məhsulların seçilməsi sağlamlıq üçün mühüm əhəmiyyət daşıyır.






