Şəkər orqanizmdə qlikasiya adlı prosesi işə salır ki, bu da dərinin gəncliyini və dartıqlığını təmin edən zülalları zədələyir. Foodinfo.az xəbər verir ki, Championat.com-a danışan Reproduktiv Tibb İnstitutunun direktoru Yelena Andreyevanın sözlərinə görə, şəkərin həddindən artıq qəbulu dərinin vaxtından əvvəl qocalmasının əsas səbəblərindən biridir.

Qlikasiya — yəni toxumaların “şəkərləşməsi” — qanda qlükozanın artıqlığı zamanı baş verir. Bu zaman şəkər kollagen və elastin kimi zülallara zərər vuraraq bədəndə həll olunmayan birləşmələr yaradır. Nəticədə kollagen kövrəkləşir, elastin isə dartılma qabiliyyətini itirir. Bu proses dərinin qurumasına, solğunlaşmasına, elastikliyini itirməsinə və erkən yaşda qırışların yaranmasına səbəb olur.

Bundan əlavə, şəkər insulinin səviyyəsini yüksəldir ki, bu da piy vəzilərinin fəaliyyətini gücləndirir. Nəticədə üz dərisində parıltı, məsamələrin tutulması və sızanaqlar əmələ gəlir.

Mütəxəssislər dərini qorumaq üçün sadə karbohidratlardan — şirniyyat, un məmulatları və qazlı içkilərdən uzaq durmağı tövsiyə edirlər. Onların yerinə aşağı qlikemik göstəriciyə malik qidalar — paxlalılar, dənli bitkilər və tərəvəzlər qəbul edilməlidir.

Həmçinin yaşıl çay, giləmeyvələr və qoz-fındıqda olan antioksidantlar dərinin cavanlığını qorumağa kömək edir. Bundan başqa, karnozin, niasinamid və resveratrol tərkibli vasitələr, eləcə də kifayət qədər su içmək bədənin toksinlərdən təmizlənməsini və dərinin sağlam qalmasını təmin edir.