Azərbaycan xalqı böyük qürur və iftixar hissi ilə dövlətimizin ən şanlı səhifələrindən biri olan 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümünü qeyd edir. 

Foodinfo.az xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Vətən müharibəsində iştirak etmiş, eləcə də ailə üzvləri şəhid və ya qazi olmuş əməkdaşlarla birgə 8 Noyabr- Zəfər Günü münasibətilə tədbir təşkil olunub.

Agentlikdə təşkil olunan mərasimdə Azərbaycanın Dövlət Himni səsləndirilib. Ardınca Azərbaycan ordusunun şücaətini əks etdirən videoçarx nümayiş olunub. 

Tədbirdə vurğulanıb ki, 2020-ci ilin 8 noyabrında Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Qarabağın tacı olan Şuşa şəhərini işğaldan azad edib. Bu tarixi Qələbə ilə 30 ilə yaxın davam edən ədalətsizlik və işğal dövrünə son qoyulub, ölkəmizin ərazi bütövlüyü bərpa edilib. Eyni zamanda ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan qəhrəmanlarımızın ailələrinin, eləcə də qazilərin və veteranların dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə edildiyi vurğulanıb.

Tədbirdə Vətən müharibəsində iştirak edən Agentlik əməkdaşları döyüş yolları ilə bağlı xatirələrini bölüşüblər və göstərilən diqqət və qayğıya görə təşəkkür ediblər.