Tibb elmləri namizədi, toksikoloq həkim Mixail Kutuşovun sözlərinə görə, bir çoxları yeməkdən sonra çay içmək, azacıq gəzmək və ya bir qədər dincəlmək kimi vərdişlərin zərərsiz olduğunu düşünür. Lakin bu, həqiqətə tam uyğun deyil. Foodinfo.az Sports.kz-ə istinadla xəbər verir ki, məhz qida qəbulundan sonrakı ilk saatlarda orqanizm həzm sisteminin işi üçün bütün gücünü səfərbər edir və bu prosesə hər hansı müdaxilə narahatlıqlara, yanmaya və maddələr mübadiləsinin pozulmasına səbəb ola bilər.

Həkim bildirir ki, yeməkdən sonra bütün qan axını əsasən mədə, bağırsaq və qaraciyərə yönəlir. Bu səbəbdən orqanizmə sakitlik lazımdır. Əgər bu zaman insan əlavə fəaliyyətlə məşğul olarsa, qidanın mənimsənilməsi çətinləşir, mədə-bağırsaq sisteminə düşən yük isə artır.

Ən çox rast gəlinən səhvlərdən biri yeməkdən dərhal sonra uzanmaqdır. Kutuşov qeyd edir ki, bu vəziyyətdə mədə turşusu qida borusuna keçə bilər və yanma hissi yaradar. Uzanmaq üçün ən azı iki-üç saat gözləmək məsləhətdir.

Bundan başqa, yeməkdən dərhal sonra siqaret çəkmək də zərərlidir. Nikotin mədədə turşunun artmasına və mədə ilə qida borusu arasındakı qapağın zəifləməsinə səbəb olur, bu da qastrit və yanma riskini yüksəldir.

Yeməkdən dərhal sonra idmanla məşğul olmaq da məsləhət görülmür. Həzm zamanı qan əsasən mədədə cəmləndiyi üçün əzələlər üçün kifayət qədər qan axını olmur. Bu da ağrı, gərginlik və ürəkbulanma yarada bilər.

Kutuşov həmçinin içkilər barədə xəbərdarlıq edir: yeməkdən sonra içilən tünd çay orqanizmdə dəmirin mənimsənilməsinə mane olur, soyuq içkilər isə fermentlərin ifrazını zəiflədir və həzmi ləngidir.

Həkim vurğulayır ki, isti vanna da bu zaman uyğun deyil, çünki dəridə damarların genişlənməsi mədədən qan axınını azaldır və həzmi yavaşladır.

“Əsas qayda sadədir: orqanizmə yeməyi sakit şəkildə həzm etmək üçün vaxt verin. Əgər bu prosesə mane olunmazsa, nə ağırlıq, nə yanma, nə də xroniki mədə narahatlıqları yaranacaq”, – deyə Kutuşov bildirib.