Sağlamlığımıza həmişə fikir verməliyik. Əgər insan il boyu sağlamlığının qeydinə qalırsa, fəsillərin dəyişməsi onun üçün qorxulu deyil və əlavə tədbirlərə ehtiyac yoxdur. Lakin əksər insanlar payızda özlərini yaxşı hiss etmir, bəziləri isə immuniteti qaldıran vitaminlər qəbul etməyə başlayırlar. Bəs vitamin qəbul etmək hər kəsə lazımdırmı?

Foodinfo.az xəbər verir ki, bu sualı həkim Sergey Çeryomuşkin cavablandırıb.

Onun sözlərinə görə, sağlamlığın mənbəyi sağlam həyat tərzi prinsiplərindədir. Əgər ÜST-nin tövsiyə etdiyi qidalanma prinsiplərinə əməl etsəniz, rejimlə yaşasanız, daha çox hərəkət etsəniz, bu, sağlam qalmaq üçün kifayət edər. Lakin əgər artıq vitaminlər haqqında düşünürsünüzsə, bilin ki, bütün faydalı elementlərin əsas mənbəyi bizim qidamızdır.

“Sağlam və ya nisbətən sağlam insanın əlavə hər hansı bir bioloji aktiv maddələrdən, o cümlədən vitaminlərdən istifadəyə ehtiyacı yoxdur”, - deyə ekspert vurğulayıb.

Bəs vitamin qəbul etməklə immuniteti qaldırmaq mümkündürmü? 

Bu suala cavab verən Çeryomuşkin bildirib ki, elm immunitet haqqında çox az məlumata malikdir, ona görə də bu mövzuda çoxlu fərziyyələr və lazımsız təyinatlar olur.

Həkimin sözlərinə görə, immun sistemimiz orqanizmdə çoxlu sayda proseslərin qarşılıqlı təsir kompleksidir, ona müdaxilə etmək lazım deyil. Nə qida əlavələrinə, nə də vitamin və digər psevdo-dərmanlara ehtiyac yoxdur.

Mütəxəssis onu da bildirib ki, fəsillərin dəyişməsi zamanı müxtəlif xroniki xəstəliklərin kəskinləşməsi, o cümlədən mədə-bağırsaq traktının və bronxopulmoner sistemin patologiyalarının yaranması, şizofreniya kimi psixiatrik pozğunluqların artması mümkündür. Çeryomuşkin dərhal “mənə vitamin verin” sözləri ilə aptekə qaçmaq əvəzinə, hər hansı bir addım atmazdan əvvəl həkimə müraciət etməyi məsləhət görür.