Hindistanda bir nəfər maşın saxlamaq üstündə qonşusu ilə mübahisə edib, onu vəhşicəsinə döyüb və barmağını dişləyərək yeyib.
Foodinfo.az xəbər verir ki, bu barədə "News9Live" məlumat yayıb.
Münaqişə Haryana ştatının Qurqaon şəhərində, axşam saatlarında baş verib.
Belə ki, 46 yaşlı İnderjit Yadav skuterlə evə qayıtdıqda park olunmuş avtomobilin binaya gedən yolu kəsdiyini görüb. Kişi siqnal verdikdən sonra 42 yaşlı qonşusu Pavan Kumar küçəyə çıxıb.
Yadavın sözlərinə görə, qonşusu maşına minərək skuterini vurub, daha sonra isə ona hücum edib və aralarında dava düşüb.
Aqressiv hindistanlıya atası ilə oğlu da qoşulub. Onlar Yadavı yol kənarındakı xəndəyə itələyiblər, sonra hücumçunun 65 yaşlı atası onun çeçələ barmağının oynağını dişləyərək yeyib. Bundan əlavə, Kumarın oğlu Yadavın üzərinə kerosin tökərək onu yandırmaq istəyib.
Lakin sonda Yadav onların əlindən qaça bilib. O, xəstəxanaya yerləşdirilib. Qonşularını polisə şikayət etsə də, onlar hələ də azadlıqdadır.
Kumar və qohumları da şikayət ediblər. Onlar iddia edirlər ki, hadisədən sonra zərərçəkənin qonşuları və qohumları ailənin evinə hücum çəkib.
Polisdən verilən məlumata görə, Kumar, atası və oğluna qarşı, sağlamlığa ağır zərər vurma da daxil olmaqla, üç maddə üzrə cinayət işi qaldırılıb.