Şadlıq saraylarında qiymətlərdə artım müşahidə edilir. Foodinfo.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov deyib. V.Bayramov bildirib ki, monitorinqlər nəticəsində şadlıq saraylarında qiymətlərin artması müəyyən olunub: “Apardığımız monitorinqlər göstərir ki, karantin qaydaları yumşaldıldıqdan sonra şadlıq saraylarında və digər istirahət mərkəzlərində, o cümlədən turizm obyektlərində qiymət artımı müşahidə olunub. Qiymət artımları yalnız Bakı şəhərində yerləşən şadlıq saraylarında deyil, eyni zamanda rayonlardakı şadlıq saraylarında və şənliklər keçirilən digər istirahət mərkəzlərində də qeydə alınıb. Bu, ilk növbədə karantin rejimi ilə əlaqədar uzun müddət toyların və şənliklərin keçirilməməsi ilə bağlıdır. Çünki toyların keçirilməsinə icazə verildikdən sonra tələb yüksəlib və tələb yüksəldikdən sonra sahibkarlar tərəfindən qiymətlərin artırılması həyata keçirilib”.