İnsanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, şənlik mərasimlərinin keçirildiyi ictimai iaşə müəssisələrində bir sıra qaydalara əməl olunmalıdır. Belə ki, koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri və onların vəzifəli şəxsləri epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə ciddi riayət etmələri zəruri şərtlərdəndir.
Agentlikdən Foodinfo.az-a bildirilib ki, şənlik mərasimləri (toy, nişan, ad günləri və s.) “İctimai iaşə müəssisələrində koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”də müəyyən olunmuş tələblərə uyğun təşkil edilməli və şənlik mərasiminin keçirildiyi məkanın sahəsi nəzərə alınmaqla hər bir zal üzrə qonaq tutumu müəyyənləşdirilməlidir. Eləcə də, hər bir ictimai iaşə müəssisəsinin qarşısındakı lövhədə həmin müəssisənin qida qəbulu yerlərinin (zallar, otaqlar və s) ümumi sahəsi, oturacaq yerlərinin sayı, masalararası məsafə, adambaşına müəyyən edilən sıxlıq normaları göstərilməlidir. Yoluxma hallarının effektiv idarə edilməsi, qonaqlara, işçi heyətə və digər əlaqəli tərəflərə bu cür hallarla bağlı təsirlərin minimuma endirilməsi üçün məsul şəxslər tərəfindən operativ nəzarətin mütəmadi qaydada həyata keçirilməsi zəruridir.
Qaydalara əsasən, şənlik mərasimlərində xidmət göstərən heyətin (musiqiçilər istisna olmaqla) tibbi maska, əlcək və digər fərdi qoruyucu vasitələrdən istifadəsi məcburidir və sahibkarlar tərəfindən bu tələbin icrasına nəzarət edilməlidir. İctimai iaşə müəssisəsində karantin rejiminin tələblərinə riayət olunması üzrə əlaqələndirici məsul şəxs təyin edilməli, obyektlərinin giriş-çıxışlarında, masalarda, kassalarda, sanitar qovşaqlarda dezinfeksiya məhlulundan istifadə imkanı, o cümlədən dezinfeksiya məhlulundan istifadə üçün müvafiq qurğular (dispenserlər) yerləşdirilməli və həmin qurğular işlək vəziyyətdə olmalıdır. Qida qəbulu zallarında, otaqlarda, habelə açıq hava sahələrində oturacaqların ara məsafəsinin eyni masa arxasında 1 metrdən, masalararası məsafələr isə 2 metrdən az olmamalıdır. Bununla yanaşı, koronavirus (COVID-19) pandemiyası dövründə restoranlar üçün adambaşına 100 nəfərə qədər 5.08 m2, 100 nəfərdən sonrakı hər adam üçün əlavə 4,4 m2 tələbinin yerinə yetirilməsi zəruri şərtlərdəndir. Şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə, habelə şənlik mərasiminin keçirilməsi tarixinə ən azı 5 (beş) gün qalmış mərasimin keçirilmə tarixi, başlama və bitmə vaxtı (saat 00:00-dan gec olmamaqla), qonaq sayı haqqında məlumatları “icaze.e-gov.az” portalına daxil etməlidir. Portala daxil edilmiş bu məlumatlara dair çıxarış monitorinqə gələn Agentliyin müfəttişlərinə təqdim edilməlidir.
AQTA bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini pandemiya dövrünün tələblərinə ciddi şəkildə əməl etməyə, insanların sağlamlığını və təhlükəsizliyini qorumaq üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət etməyə çağırır.
[gallery ids="38808,38809,38810"]
Son xəbərlər
- Kosmetoloq dəri üçün faydalı və zərərli məhsullardan danışıb
- İmmuniteti gücləndirən məhsulları siz də tanıyın
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir
- Bu qida ilə yuxu zamanı bədən "bərpa olunur" və cavanlaşır
- Bu məhsulu qışda ürək və qan damarlarının sağlamlığı üçün yemək lazımdır