Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir. Foodinfo.az xəbər verir ki, Lənkəran şəhəri, Mamutsa kəndi ərazisində fəaliyyət göstərən "Kral” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkarlanıb. Yoxlama zamanı həmin şadlıq evində müvafiq portaldan (“icaze.e-gov.az”) rəsmi qaydada qeydiyyatdan keçmədən kütləvi tədbirin təşkil olunduğu məlum olub. Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub. Eyni zamanda ciddi qanun pozuntusuna yol verdiyinə görə həmin ictimai iaşə müəssisəsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti dövlət orqanlarına məlumat verilib. AQTA əhalinin sağlamlığının qorunması, həmçinin pandemiya dövrünün tələbləri ilə bağlı qanunvericiliklə müəyyən olunmuş tələblərə əməl olunmasının təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirəcəkdir.