Artıq çəki ilə mübarizədə uğur qazanmaq yalnız idmandan deyil, həm də qidalanmadan asılıdır.
Foodinfo.az xəbər verir ki, diyetoloq Liliya Starodubseva arıqlamaq üçün rasiondan çıxarılmalı olan qidalardan danışıb.
Onun sözlərinə görə, qadağan olunan məhsulların siyahısına aşağıdakılar daxildir:
1. Rafinə olunmuş şəkər və şəkərli məhsullar,
2. Emal olunmuş ət məhsulları (sosis, kolbasa və s.),
3. Yüksək miqdarda ağ buğda unundan hazırlanan un məmulatları
4. Qadağa həmçinin “kulinariya yağı”, “bitki yağı”, “süd yağının əvəzləyicisi” etiketli məhsullara aiddir. Bunların hamısı bədən quruluşunuza mənfi təsir göstərən, çəki artıran trans yağlardır.
5. Qırmızı ət də çox miqdarda yeyildikdə zərərlidir. Bu, həzm edilməsi çətin olan bir məhsuldur. Artıq çəki varsa, deməli, mədə-bağırsaq traktında problemlər var, öd axını ilə bağlı problemlərin də mövcudluğu ehtimal olunur. Orqanizm yükləndiyi üçün qırmızı ətdən bir müddət imtina etməlisiniz və ya onun istehlakını əhəmiyyətli dərəcədə azaltmalısınız.
Pəhrizlər təkcə qadağalarla olmur. Starodubseva gündəlik rasiona darı, qarabaşaq yarması və amarant kimi tam taxılları əlavə etməyi məsləhət görür. Turş giləmeyvə də vitaminlərlə zəngindir və faydalı qidalar siyahısında yer alır. Göyərti və tərəvəzlər isə pəhrizin əsas komponentidir və hər yeməyin yanında olmalıdır.
Lakin düzgün pəhrizdə əsas təmiz içməli sudur. Suyu hər kiloqram çəki üçün 30 ml nisbətində içmək lazımdır.
Bunlarla yanaşı, unutmayaq ki, hər hansı bir pəhriz insanın müxtəlif qidalara allergik reaksiyası nəzərə alınaraq mütəxəssis tərəfindən seçilməlidir. Bunu da qeyd edək ki, arıqlamaq üçün sağlam qidalanma və idman kompleks şəkildə həyatın ayrılmaz parçasına çevrilməlidir.
Leyla