Qida rasionuna limonu daxil etmək soyuq mövsümlərdə xəstəliklərdən qorunmaq üçün faydalıdır. Bu sitrus meyvəsi A, B, C və E vitaminləri ilə zəngindir. Həmçinin, limonun tərkibində orqanik turşular, antioksidantlar, dəmir, kalium, fosfor və digər faydalı elementlər mövcuddur. Limondan müntəzəm istifadə etdikdə immun sistemi güclənir, viruslara qarşı müqavimət artır, orqanizmdə qocalma prosesi ləngiyir, həzm yaxşılaşır, qan təzyiqi və xolesterin səviyyəsi normallaşır. Limon hətta böyrək daşı olan xəstələrə də məsləhət görülür. Lakin onun zərərli cəhətləri də var.

Foodinfo.az xəbər verir ki, bu barədə qastroenteroloq və hepatoloq Nuriyyə Dianova danışıb.

Onun sözlərinə görə, bütün faydalı xüsusiyyətlərinə baxmayaraq, limon tərkibindəki turşu sayəsində diş minasını məhv edə bilər. Bu səbəbdən bu sitrus meyvəsini yedikdən sonra mütləq ağzınızı təmiz su ilə yaxalamalısınız.

Bundan başqa, limon mədə yanğısına səbəb ola və qastriti kəskinləşdirə bilər.